“İQNA”-nın Anadolu agentliyinə istinadla verdiyi xəbərə görə, İsrail fələstinli rəsmilər tərəfindən “vəhşicəsinə” adlandırılan müxtəlif üsullardan istifadə edərək, cəmiyyətin dini və mənəvi məzmununu dağıtmaq, xaos yaratmaq və onu içəridən boşaltmaq məqsədi güdür.
Bu üsullara mülki təhlükəsizlik əməkdaşlarının hədəfə alınması, humanitar yardımların oğurlanması üçün silahlı dəstələrin yaradılması, din xadimləri və ibadət yerlərinə hücumlar daxildir.
Qəzza hökumətinin media ofisinin direktoru İsmayıl əs-Səvabtə bildirib ki, 7 oktyabr 2023-cü ildə başlayan soyqırımın əvvəlindən bəri İsrail müxtəlif bölgələrdəki hücumlarda 233 müsəlman vaiz, imam və dini lideri, həmçinin 20 xristianı qətlə yetirib.
Son məlumatlara görə, İsrail indiyədək 835 məscidi tamamilə, 180-dən çox məscidi isə qismən dağıdıb. Bundan əlavə, üç böyük kilsəyə dəfələrlə hücum edib.
Əs-Səvabtə deyib: “Hədəfə alınan dini alimlər, milli və dini dəyərlərin möhkəmləndirilməsində, soyqırım və təcavüz qarşısında dözüm ruhunun aşılanmasında və ictimai həmrəyliyin qorunmasında əsas sütun rolunu oynayırdılar.”
O əlavə edib ki, “dini alimləri sistemli şəkildə qətlə yetirmək Fələstin cəmiyyətinin ruhunu sarsıtmaq, işğalçının cinayətlərini ifşa edən dini və milli nitqi susdurmaq məqsədi daşıyır. Bundan başqa, İsrail xalqı səfərbər etmək və dini-milli kimliyi qorumaq gücündə olan təsirli simaları aradan qaldırmağa çalışır.”
7 oktyabr 2023-dən bəri sionist rejim tərəfindən hədəf alınan tanınmış dini alimlərdən bəziləri bunlardır:
Yusif Səlamə, Əl-Əqsa məscidinin xütbə oxuyanı,
Vail əz-Zərrd, Qəzzadakı əl-Öməri Böyük Məscidinin xətibi,
Vəlid Üveyzə, Dünya Müsəlman Alimləri Birliyinin üzvü,
Nail Misran.
İsrail nə xristian ibadətgahlarına, nə də fələstinli xristian din xadimlərinə rəhm edib. Bu rejimin hava hücumları nəticəsində Qəzza şəhərindəki əsas kilsələr – qaçqınlar üçün sığınacaq rolunu oynayan məbədlər – hədəfə alınıb. Nəticədə çox sayda mülki şəxs həlak olub və ciddi maddi zərər baş verib.
Əs-Səvabtənin sözlərinə görə, İsrail soyqırım dövründə Qəzzadakı üç əsas kilsəyə bir neçə dəfə hücum edib, onların böyük hissəsini dağıdıb və tarixi binalara, həmçinin xidmət obyektlərinə ciddi ziyan vurub.
İsrailin Qəzza zolağında hədəfə aldığı kilsələr bunlardır:
Yunan pravoslav Müqəddəs Porfiriy kilsəsi,
Müqəddəs Ailə (Holy Family) kilsəsi,
İncilçi Baptist kilsəsi (Evangelical Baptist Church).
4309457