IQNA

Avropa İttifaqı Qəzzanın bərpasına hazır olduğunu və UNICEF-in 1300 yük maşını göndərəcəyini açıqladı

11:43 - October 11, 2025
Xəbər sayı: 3499014
İQNA - Avropa İttifaqı ABŞ Prezidenti Donald Trampın Qəzzədə müharibəyə son qoymaq, dərhal atəşkəs elan etmək və əsirləri azad etmək üçün hazırladığı planın birinci mərhələsi üzrə əldə edilən razılığı alqışlayıb.

“Əş-Şərq əl-Əvsət” qəzetinin məlumatına görə, Avropa İttifaqı bəyan edib ki, ABŞ prezidentinin Qəzza zolağında müharibəyə son qoymaq üçün irəli sürdüyü hərtərəfli planın icrasında mövcud müxtəlif vasitələr vasitəsilə iştirak etməyə hazırdır.

İttifaq həmçinin Qəzzada sabitliyin bərpasında və bölgənin yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bəyan edib.

Bəyanatda Avropa İttifaqı bütün tərəfləri razılaşmanı tam şəkildə və gecikmədən icra etməyə çağırıb ki, bununla da daimi atəşkəsin bərqərar olması, əsirlərin azad edilməsi, humanitar yardımların maneəsiz şəkildə çatdırılması və onların davamlı şəkildə bölgədə paylanması mümkün olsun.

İttifaq əlavə edib ki, Fələstin Muxtariyyətinə və orada aparılan islahatlara dəstəyini davam etdirəcək.

UNICEF-in Qəzzaya yardımı — göndərilməyə hazırdır

Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) də bəyan edib: “Biz Qəzzada atəşkəsi alqışlayırıq. Bu atəşkəs iki il davam edən dəhşətli müharibə dövründə əzab çəkmiş uşaqlara ümid bəxş edir.”

UNICEF bildirib ki, 1300-dən çox yük maşını Qəzza zolağına çadır, qida, dərman və tədris ləvazimatı daşımaq üçün göndərilməyə hazırdır.

Fondun son hesabatında qeyd olunur ki, iki illik bombardman və müharibə nəticəsində Qəzza zolağı tamamilə dağıdılıb və 64 mindən çox uşaq şəhid olub və ya yaralanıb.

Hesabatda daha deyilir ki, Qəzza zolağında beş yaşdan kiçik 320 min uşaq kəskin qidalanma çatışmazlığı riski altındadır və 56 mindən çox uşaq valideynlərindən birini və ya hər ikisini itirib.

İsrail ordusu cümə günü, oktyabrın 18-də rəsmi şəkildə Qəzza zolağında atəşkəsin qüvvəyə mindiyini açıqlayıb və bildirib ki, razılaşmaya əsasən İsrail qüvvələri Qəzza zolağının müəyyən bölgələrində yerləşəcək, həmçinin Qəzzanın cənubundan şimalına hərəkət “ər-Rəşid” küçəsi və “Salahəddin” yolu vasitəsilə mümkün olacaq.

4309957

captcha