“İQNA”-nın “Arabi21”-ə istinadla verdiyi xəbərə görə, Fransanın “Pari Sen-Jermen” klubunun mərakeşli futbolçusu Əşrəf Həkimi gündəlik həyatında imanın əsas rol oynadığını vurğulayıb və Allahla möhkəm əlaqəsinin həm meydanda, həm də meydandan kənarda uğurunun və daxili tarazlığının sirri olduğunu qeyd edib.
Futbolçu Fransada yayımlanan Clique x proqramına verdiyi müsahibədə deyib: “Uşaqlıqdan İslam mühitində böyümüşəm. Valideynlərim mənə namazın və dinə bağlılığın əhəmiyyətini öyrədiblər. Mən gündəlik namazlarımı qılıram və həmişə buna vaxt ayırmağa çalışıram.”
O əlavə edib: “Namaz mənim üçün sadəcə bir vəzifə deyil, tam mənəvi bir andır. O anlarda birbaşa Allahla əlaqə saxlayıram, Ondan hidayət və kömək diləyirəm. Bu anlar mənim üçün çox mənalıdır.”
Əşrəf Həkimi vurğulayıb ki, uşaqlıqdan qazandığı dini dəyərlər onu həm idman karyerasında, həm də şəxsi həyatında qarşılaşdığı çətinliklər və problemlər qarşısında dəstəkləyib.
O sonda deyib: “İnsan Allaha yaxın olanda Onun köməyindən və hidayətindən faydalanır. Allahın mənə bəxş etdiyi bütün nemətlərə görə minnətdaram.”
Hazırda Əşrəf Həkimi dünyanın ən yaxşı sağ cinah müdafiəçisi hesab olunur. O, bu il “Qızıl top” sıralamasında 6-cı yeri tutub və ötən mövsümdə komandası ilə bir çox uğur qazanmaqda mühüm rol oynayıb. Bu uğurların ən önəmlisi, “Pari Sen-Jermen” klubunun tarixində ilk dəfə olaraq UEFA Çempionlar Liqasının qalibi olmasıdır.
4310369