“İQNA”-nın “Əl-Əhram”a istinadla verdiyi xəbərə görə, Misirin vəqflər naziri Usamə əl-Əzhəri bu fərmanda Əhməd Nüeynəni Qurani-Kərimə yarım əsrdən artıq müddətdə etdiyi xidmətlərə görə Misirin “Şeyxül-qurra”sı adlandırıb.
Nazir vurğulayıb ki, Əhməd Nüeynə bütün həyatını Allahın Kitabına xidmətə – onun tilavəti və təliminə – həsr edib. O, tilavətdəki yüksək məharəti, ədəb və təvazökarlığı ilə Misir və İslam aləminin bir çox qarilərinə və Quran öyrənənlərinə ilham mənbəyi və nümunə olub.
Nüeynə isə bu seçiminə görə Misirin vəqflər nazirinə təşəkkür edərək, Allah-Taaladan bu böyük vəzifədə uğur və ixlas diləyib.
Usamə əl-Əzhəri həmçinin Misir vəqflər nazirliyində “Qiraət İşləri üzrə Ali Şuranın” yenidən formalaşdırılmasına razılıq verib. Bu addım Quran fəaliyyətlərinin inkişafı və Misirdəki qiraət mərkəzlərinin işinin tənzimlənməsi məqsədi daşıyır.
Nazirin elan etdiyi fərmanda bildirilir ki, bu şura vəqflər nazirinin sədrliyi ilə yenidən təşkil olunacaq və onun üzvləri aşağıdakılar olacaq:
Qari, həkim Əhməd Əhməd Nüeynə – Misirin Şeyxül-qurrası
Şeyx Əbdülfəttah Əli Dərviş ət-Taruti – Şeyxül-qurranın müavini
Şeyx Məhəmməd Həsən əl-Xüşt – Şeyxül-qurranın müavini
Camal Cəbril Faruq Məhəmməd Əbdürrəhim – Misirin İslam təbliği fakültəsinin sabiq dekanı
Əbdülkərim İbrahim Əvəz Saleh – Misir Quran Yenidən Baxış Komitəsinin rəhbəri
Vəqflər Nazirliyinin Məscid və Qurani-Kərim İşləri Mərkəzinin rəhbəri
Vəqflər Nazirliyinin Qurani-Kərim İşləri Baş İdarəsinin direktoru
Fərman imzalandığı tarixdən etibarən qüvvəyə minir və aidiyyəti qurumlar onun icrasına məsuldur. Həmçinin bu fərmanla ziddiyyət təşkil edən bütün əvvəlki qərarlar ləğv olunur.
Əhməd Nüeynə 1954-cü ildə Misirin Kəfrüşşeyx vilayətinin Mətubis şəhərində anadan olub. O, səkkiz yaşına çatmadan Qurani-Kərimi tam əzbərləyib. İbtidai və orta təhsilini Bəhira vilayətində başa vurduqdan sonra İsgəndəriyyə Universitetinə daxil olaraq tibb ixtisası üzrə təhsil alıb və həmin universitetin xəstəxanasında həkim kimi fəaliyyət göstərib.
4310924