IQNA

Slovakiyalı siyasətçi: “Avropa İttifaqı sionistlərin cinayətlərinə göz yumur”

10:37 - October 21, 2025
Xəbər sayı: 3499069
İQNA - Avropa Parlamenti üzvü olan slovakiyalı nümayəndə bildirib ki, Avropa ölkələri Qəzzada baş verən soyqırıma biganə yanaşır və sionist rejimin cinayətlərinə göz yumur.

“İQNA”-nın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Avropa Parlamentinin slovakiyalı üzvlərindən biri qeyd edib ki, Avropa İttifaqı Ukraynada müharibəyə görə Rusiyaya sanksiyalar tətbiq etdiyi halda, İsrailin Qəzzadakı soyqırımına göz yumur.

Lubos Blaha (Ľuboš Blaha) bu sözləri Fələstinə dəstək məqsədilə Vyanada keçirilən mitinqdə səsləndirib. O, çıxışında Avropa İttifaqının silahlanma yarışına qarışmasını da tənqid edib.

Blaha deyib: “Bu müharibə hərbi cinayətdir və İsrail rejiminin baş naziri Benyamin Netanyahu bir hərbi cinayətkardır.”

Şənbə günü Almaniya, Avstriya və Yunanıstan da daxil olmaqla, Avropanın bir çox yerlərində minlərlə insan fələstinlilərlə həmrəylik nümayişləri keçirib. Vyanada yerləşən Kristian Broda Platz meydanında Qəzzaya dəstək mitinqi keçirilib. İştirakçılar İsrailin Qəzza zolağında törətdiyi soyqırıma münasibətdə Avropa İttifaqı və Avstriya hökumətinin siyasətini tənqid ediblər. Etirazçılar Avstriya hökumətindən sülh və neytrallığa əsaslanan siyasət yürütməyi tələb ediblər.

Kütlə Avstriya və Fələstin bayraqlarını dalğalandıraraq “Azadlıq, sülh” və “Fələstinə azadlıq” kimi şüarlar səsləndiriblər.

Bəzi etirazçılar “Çaydan dənizə qədər, Fələstin azad olacaq” yazılmış plakatlar da qaldırıblar. Onlar Avstriyanın “Avropa səması qalxanı” layihəsini dəstəkləməsini ölkənin neytrallıq prinsipinə zidd hesab ediblər və hökumətdən müharibəyə hazırlaşmaq əvəzinə neytral siyasəti qorumağı tələb ediblər.

Eyni zamanda, dünən alman etirazçılar Berlində mitinq keçirərək İsrailin Fələstini işğalına son qoyulmasını tələb ediblər.

Onlar paytaxtın mərkəzi bölgələrindən biri olan Mitte-də toplaşaraq İsrailin Qəzzadakı soyqırımına etiraz ediblər və İsrailin baş naziri Benyamin Netanyahunun məsuliyyətə cəlb edilməsini istəyiblər. Etirazçılar həmçinin Qəzzaya dərhal humanitar yardım göndərilməsini tələb ediblər.

Nümayişçilər “Fələstinə azadlıq”, “İsrail terrorçudur” və “Almaniya maliyyələşdirir, İsrail bombalayır” kimi şüarlar səsləndiriblər.

Yunanıstanın Krit adasında da minlərlə etirazçı, o cümlədən universitet tələbələri, qeyri-hökumət təşkilatlarının və həmkarlar ittifaqlarının nümayəndələri aksiya keçiriblər. Etirazçılar hökumətdən Qəzzaya qarşı hücumlarda rol oynayan ABŞ-ın Sud körfəzindəki hərbi bazasını bağlamağı tələb ediblər. Kütlə həmin bazaya doğru yürüş edərək hökumətdən İsraillə əməkdaşlığa son qoymağı istəyib. Ayrı-ayrılıqda, Saloniki və Afinada da etiraz aksiyaları keçirilib.

Ötən ilin noyabrında Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahu və onun keçmiş müdafiə naziri Yoav Qalant barəsində Qəzzadakı hərbi cinayətlər və bəşəriyyət əleyhinə cinayətlər ittihamı ilə həbs qərarı çıxarıb.

İsrail rejimi həmçinin bu mühasirədə olan bölgəyə qarşı apardığı müharibəyə görə Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı ittihamı ilə üzləşib.

Qəzza Səhiyyə Nazirliyi şənbə günü bildirib ki, 2023-cü ilin oktyabrından bəri İsrailin soyqırım müharibəsi nəticəsində 68 116 nəfər həlak olub, 170 200 nəfər isə yaralanıb.

4311812

captcha