“İQNA”-nın “əl-Əxbariyyə”yə istinadla verdiyi xəbərə görə, Paris Böyük Məscidi 2025-ci il oktyabrın 15-dən 30-dək ictimaiyyətə açıq olacaq “İslamda məscidlər” adlı bu bənzərsiz sərgiyə ev sahibliyi edəcək. Əlcəzairli rəssam Delil Sasi bu sərgi vasitəsilə İslam memarlığının əzəmətini və dünyanın müxtəlif məscidlərindəki müxtəlifliyi öz rəsm əsərlərində ön plana çıxarmağı qarşısına məqsəd qoyub.
Delil Sasi, köklərinə sadiq, fırçası sehrə bənzəyən bir sənətkar kimi, bu sərginin təşkilindən məmnunluğunu ifadə edərək bildirib: “Bu tədbir İslama xidmət məqsədi daşıyır və mən hər bir rəsmin qədim rəmzlərini və hər məscidin müsəlmanlar üçün nə ifadə etdiyini izah edəcəyəm.”
O əlavə edib: “Məscidlərin yaranması Peyğəmbər Əkrəmin (s) İsra və Mirac hadisəsi ilə bağlıdır; o zaman Allah namazı vacib buyurdu və onu imanın ən böyük dayağı qərar verdi. Həmin andan etibarən məscid ibadət və İslam mesajının yayılması üçün bir mərkəzə çevrildi.”
Rəssamın sözlərinə görə, “Məkkədə və daha sonra Mədinədə inşa edilən ilk məscidlər, 15 əsrdən artıq davam edən mənəvi və memarlıq sivilizasiyasının başlanğıcı oldu və məscidlər beş qitədə müsəlmanları birləşdirən işıq mənbələrinə çevrildi.”
Sasinin sözlərinə görə, bu sərgi keçmişi bu günə bağlayan mənəvi və memarlıq tarixini vurğulayır, Fələstindəki Əl-Əqsa Məscidi, Əlcəzair Cümə Məscidi, Əlcəzairdəki qədim Keçaua Məscidi və İstanbulun Mavi Məscidi kimi möhtəşəm tikililərin əzəmətini ön plana çıxarır. Bu memarlıq inciləri, estetik və mənəvi dəyərləri ilə zaman sərhədlərini aşdığı üçün dünya irsinin bir hissəsi kimi qəbul ediliblər.
Rəssam bildirib ki, sənət araşdırmalarına olan həvəsi onu beş ildən çox davam edən təcrübələrdən sonra işıq üzərində unikal rəqəmsal işləmə texnikası yaratmağa sövq edib. Onun iddiasına görə, bu əsərlər adi gözlə görünməyən gizli rəngləri üzə çıxarır və o, bu texnikada Eynşteyn və Maks Plankın işıq haqqında kvant nəzəriyyələrindən ilham alıb. Sasi əlavə edib ki, onun tədqiqatlarının nəticələri Əlcəzairdə və xaricdə sərgilənib və həm elmi, həm də mədəni çevrələrdə böyük maraq doğurub.

Sasi bu sərgidə təkcə rəsm əsərləri ilə kifayətlənmir. O, müxtəlif İslam ölkələrinin böyük məscidlərini sənədləşdirən bir “vizual səyahət” təqdim edir və bu məbədlərin dini, mədəni və insani dəyərlərini vurğulamağa çalışır. Onun fikrincə, məscidlər təkcə ibadət yerləri deyil, həm də müsəlmanların memarlıq, bəzək və düşüncə sənətindəki dahiliyini əks etdirən ortaq bəşəri irs nümunələridir.
Əlcəzairli sənətkar vurğulayıb ki, onun mədəni və bədii borcu bu mədəni sərvəti dünyaya təqdim etməkdir. O, Fransa və beynəlxalq tamaşaçıları iman, elm və gözəlliyi birləşdirən müasir bədii baxış bucağından bu əsərləri kəşf etməyə çağırıb.
Bu sərgi ilə Əlcəzair, öz sənətçilərindən biri vasitəsilə, Fransanın paytaxtında parlaq bir şəkildə təmsil olunur və İslam sivilizasiyasının ruh, gözəllik və yaradıcılıqla dolu obrazını təqdim edir.
Sərgidə 31 sənət əsəri nümayiş etdiriləcək və bu əsərlərdə Malayziya, Qətər, Əlcəzair və Fransa kimi ölkələrin tanınmış məscidləri təsvir olunur.
Canlı və cazibədar rənglərlə işlənmiş bu əsərlər İslam memarlığının gözəlliyini və müxtəlifliyini nümayiş etdirir, İslam mədəniyyəti və incəsənətinə maraq göstərən tamaşaçıların diqqətini cəlb edir.
Bu sərgi İslam irsini tanımaq və müxtəlif ölkələr arasında mədəni mübadilə üçün bənzərsiz bir fürsət yaradaraq, ziyarətçiləri İslam dünyasındakı məscidlərin tarixi və incəsənəti ilə yaxından tanış edir.
4311745