“İQNA”-nın “əl-Ərabi əl-Cədid”ə istinadla verdiyi xəbərə görə, Avropa Liqasının gələn ay keçiriləcək Makkabi Təl-Əviv və Aston Villa oyunu ərəfəsində bu komandanın azarkeşlərinin Birmingema daxil olmasına qoyulan qadağa məsələsi getdikcə daha da gərginləşir və İngiltərə polisinin bu qadağanı davam etdirmək qərarına səbəb olan yeni məlumatlar açıqlanır.
İngiltərə polisinin açıqladığı kəşfiyyat mənbələrinə görə, Niderland polisi britaniyalı həmkarlarına Makkabi azarkeşlərinin ötən il Amsterdamda keçirilən oyun zamanı problem yaratdıqlarını bildirib. Bu mənbələr qeyd ediblər ki, zorakılıq və irqçi şüarlarla tanınan onlarla radikal Makkabi azarkeşinin Birmingemdə keçiriləcək oyuna qatılacağı gözlənilir.
İngiltərə polisinə məxsus bir mənbə The Guardian qəzetinə bildirib ki, Vest Midlends polisinin apardığı qiymətləndirməyə əsasən bəzi ingilis yəhudiləri özləri Makkabi azarkeşlərinin stadiona buraxılmamasını tələb ediblər və mümkün iğtişaşlardan narahatdırlar. Bu isə Baş nazir Kir Starmerin həmin qadağanı “yəhudi əleyhinə” adlandıran açıqlamaları ilə ziddiyyət təşkil edir.
Niderland polisinin ötən ilki iğtişaşlarla bağlı apardığı araşdırmalara əsasən, Makkabi Təl-Əviv azarkeşləri Amsterdamda müsəlmanlara hücum edib və bu da bəzi holland yəhudilərinə qarşı cavab xarakterli zorakılıqlara səbəb olub.
İngiltərə polisi hesab edir ki, Makkabi azarkeşlərinin Birmingem oyununda törədə biləcəyi hər hansı bir insident yerli əhalinin qisas xarakterli hərəkətlərinə gətirib çıxara bilər, xüsusilə də şəhərdə müxtəlif mənşəli böyük müsəlman əhalinin yaşadığını nəzərə alsaq. Buna görə də Vest Midlends polisi və İngiltərə Milli Futbol Polisi azarkeşlərin girişinə qadağa qoymaq qərarına gəlib.
Bu qərar siyasi dairələrdə tənqidlərə səbəb olub və baş nazir ilə daxili işlər naziri bu addımı “yəhudi əleyhinə” adlandırıblar. İsrail tərəfdarı şəxslər də bu qərara sərt reaksiya veriblər. Məsələn, Mühafizəkarlar Partiyasının lideri Kemi Badenox bu addımı “milli rüsvayçılıq” adlandırıb. “İslahat Partiyası”nın lideri Naycel Faraj isə yazıb ki, bu qadağa “irqi ayrı-seçkiliyi tamamilə yeni səviyyəyə qaldırır.”
Eyni zamanda, İsrail polisi bazar günü Hapoel və Makkabi Təl-Əviv komandaları arasında keçiriləcək derbini zorakı iğtişaşlar və “həyat üçün təhlükə” səbəbindən ləğv edib. Polis tərəfindən yayılan görüntülərdə stadion meydançasına partlayıcı maddələr və yandırıcı əşyalar atıldığı, azarkeşlər arasında içəridə və çöldə qarşıdurmaların baş verdiyi göstərilib.
Bununla yanaşı, sionist rejimin Makkabi futbol klubu hazırkı vəziyyət və “zəhərli atmosfer” səbəbilə Aston Villa ilə oyuna azarkeşlərinə bilet satmayacağını açıqlayıb.
Amsterdam bələdiyyəsi də ötən ay, demək olar ki, bir il əvvəl Ayaks komandası ilə oyun sonundakı zorakı iğtişaşlardan sonra, böyük əksəriyyətlə Makkabi Təl-Əviv klubunu şəhərdə qəbul etməmək qərarını təsdiqləyib.
4312320