IQNA

İsrail zindanlarında Quranın təhqir olunması – azad edilmiş fələstinli əsirin xəbəri

7:32 - October 27, 2025
Xəbər sayı: 3499098
İQNA - Azad edilmiş fələstinli əsir Ənəs Əllan sionist rejimin zindanlarında mövcud olan ağır və qeyri-insani şəraitdən danışaraq, orada Qurana hörmətsizlik edildiyini və azan ilə namazın qadağan olunduğunu vurğulayıb.

“Qüds Press”-in verdiyi məlumata görə, Qərb Sahilinin Qəlqilyə bölgəsindən olan və ömürlük həbsə məhkum edilən, lakin 19 illik əsirlikdən sonra “Tufanul-Əhrar 3” razılaşması çərçivəsində azad olunan Ənəs Əllan, işğalçı İsrail zindanlarının müharibədən sonra artıq həbs yeri deyil, yaşayan insanlar üçün “qəbir”ə çevrildiyini bildirib.

O deyib ki, Qəzzada soyqırım müharibəsindən sonra rejimin həbsxana idarələri məhbuslara qarşı “dəmir yumruq” siyasəti tətbiq edir. O, zindan nəzarətçilərinin tam hakim mövqeyə sahib olduqlarını və bilavasitə Ben Qvir (daxili təhlükəsizlik naziri) və Smotriç (ifratçı maliyyə naziri) tərəfindən yönləndirildiklərini vurğulayıb.

Ənəs Əllan zindanlarda müqəddəslərə edilən hörmətsizliklərdən danışaraq bildirib ki, həbsxana rəhbərliyi ciddi pozuntulara yol verir – Quran nüsxələri tualetlərə atılır, məhbuslar azan verməkdən və həm cəmaət, həm də fərdi namaz qılmaqdan zorakılıq və döyülmə hədəsi altında məhrum edilirlər, həmçinin səccadələr müsadirə olunur.

O, yaşayış şəraitinin son dərəcə dözülməz olduğunu qeyd edib: “İsti su tamamilə kəsilib və hər kamerada 17-18 məhbusun yaşadığı şəraitdə gündə cəmi 15 dəqiqə duşdan istifadə etməyə icazə verilir”.

Ənəs Əllan qəsdən aclıq siyasətinə də toxunaraq deyib ki, yemək payı kifayət etmir və bəzən 12 məhbusa cəmi iki boşqab düyü və bir kiçik çörək verilir. Bunun nəticəsində məhbusların çəkisi yarıbayarı azalır və ciddi xəstəliklər yayılır.

O, həmçinin tam təcrid və izolyasiya siyasətindən söz açaraq bildirib ki, məhbusların həftələrlə, aylarla kameradan çıxmasına icazə verilmir. Döşəməyə xətlər çəkilir ki, məhbuslar bir-biri ilə əlaqə qura bilməsinlər. Bu qaydaları pozanlar döyülür və ağır şəkildə cəzalandırılır.

Ənəs Əllan vurğulayıb ki, Qəzza müharibəsindən sonra İsrail zindanlarında baş verənlər fələstinli əsirlərə qarşı sistemli bir cinayətdir və beynəlxalq hüquq və humanitar təşkilatların təcili müdaxiləsinə ehtiyac var.

Qeyd edək ki, 7 oktyabr 2023-dən bəri İsrail rejimi ABŞ və Avropanın dəstəyi ilə Qəzzada soyqırım, qətliam, aclıq, dağıntı, didərgin salma və kütləvi həbs siyasəti həyata keçirir. Beynəlxalq ictimaiyyətin çağırışları və Beynəlxalq Ədalət Məhkəməsinin müharibəni dayandırma qərarı isə rejim tərəfindən tamamilə rədd edilir.

Bu soyqırım nəticəsində 238 minə yaxın fələstinli şəhid və yaralı olub ki, onların əksəriyyəti uşaq və qadınlardır. 11 mindən çox insan itkindir və yüz minlərlə insan didərgin düşüb. Qəzzada aclıq və xəstəliklər daha çox uşaqların həyatına son qoyur. Şəhərlərin böyük bir hissəsi isə tamamilə yerlə bir edilib.

4312648

captcha