“İQNA”-nın “Əl-Cəzirə”yə istinadla verdiyi məlumata görə, 6 noyabr 2025-ci ildə keçirilməsi planlaşdırılan Avropa Liqası oyunu çərçivəsində Aston Villa və Makkabi Təl-Əviv komandalarının qarşılaşması İsrailpərəst və sağçı sosial şəbəkə hesabları tərəfindən təhrikedici nifrət kampaniyasına çevrilib. Bu kampaniya xüsusilə Birmingem şəhərində yaşayan müsəlmanları hədəfə alıb.
Hadisə Aston Villanın 16 oktyabrda “X” sosial platformasındakı hesabı vasitəsilə İsrail klubunun azarkeşlərinin həmin oyunda iştirakının qadağan edildiyini elan etməsindən sonra başlayıb. Klubun bildirdiyinə görə, bu qərar polis orqanları ilə razılaşdırılıb və azarkeşlərin təhlükəsizliyinin təmin edilməsinin çətinliyi ilə bağlı təhlükəsizlik hesabatlarına əsaslanıb.
İngiltərə klubu açıqlayıb ki, Vest Midlendz polisi Villa Park stadionunun təhlükəsizlik məsləhət qrupuna stadion ətrafında ümumi təhlükəsizlik vəziyyəti və oyun günü mümkün etiraz aksiyalarına cavab vermək imkanları barədə narahatlıqlarını bildirib.
Qərar tamamilə təhlükəsizlik səbəbləri ilə əsaslandırılsa da və klub azarkeşlərin təhlükəsizliyinin birinci prioritet olduğunu bəyan etsə də, İsrailpərəst və sağçı hesablar bu vəziyyətdən sui-istifadə edərək Birmingemdəki müsəlmanlara qarşı qızışdırıcı kampaniya aparmağa başladılar.
Həmin hesablar “X” platformasında məsələni dini və irqi müstəviyə daşıyaraq iddia etdilər ki, bu qərar Makkabi Təl-Əviv azarkeşlərini deyil, ümumiyyətlə yəhudiləri hədəfə alır.
Bu məsələyə münasibət bildirən İsrail rejiminin miqrasiya naziri Ofir Sofer Aston Villanın qərarını “yəhudi əleyhinə davranış” adlandırıb.
4312970