“İQNA”-nın “əl-Cəzirə”yə istinadla verdiyi məlumata görə, yeni azad olunmuş əsir, imam-camaat və Qəzza Vəqf Nazirliyinin vaizi olan Şeyx Naci əl-Cəfəravi “Əyyamullah” proqramında Qəzzada mühasirə, dağıntı və müharibə şəraitində belə Allah kitabını əzbərləyən bir nəslin necə yetişdirildiyini izah edib.
O, bir tamaşaçının “Qəzzada bu qədər üstün hafizlərin olmasının sirri nədir?” sualına belə cavab verib: “Birinci sirr – düzgün planlama və təşkilatlanmadır. Yəni yaş, cins və təhsil səviyyəsi kimi fərdlər arasındakı fərqləri nəzərə alan aydın proqram və sistemli yanaşma mütləq lazımdır. Bunlar nəticənin təsirli və uğurlu olmasına gətirib çıxarır”.
Əl-Cəfəravi əlavə edib: “İkinci ən mühüm məsələ Quranı ucadan oxuyaraq əzbərləmə üsuludur. Şəxs əvvəlcə bir səhifəni əzbərləyir, sonra iki səhifəni birlikdə, daha sonra beş, hətta on səhifəni bir yerdə yadda saxlayır. Hafiz əvvəlki hissəni ilk ayədən son ayəyə qədər tam şəkildə əzbərdən oxumadan növbəti surəyə keçmir. Bizim ən səmərəli tapdığımız üsul məhz budur”.
O bildirib: “Elə buna görə də hamınızın şahidi olduğu nəticələr ortaya çıxdı; iki illik müharibə dövründə dağıdılmış məscidlərimizin xarabalıqları üstündə 1500-dən artıq qadın və kişi hafiz bir yerdə oturaraq, Fatihə surəsindən Nas surəsinə qədər bütün Qurani-Kərimi bir məclisdə əzbərdən tilavət etdilər”.
O, üçüncü məqam kimi bunu qeyd etdi ki, hər bir Quran əzbərləyən şəxsin mütləq onu müşayiət edən bir müəllimi olmalıdır. Bu müəllim onunla Quranı müzakirə edir, yaddaşını möhkəmləndirir, onu həvəsləndirib ruhlandırır.
Dördüncü məqam haqqında isə belə dedi: “Hafizin ona dəstək verən bir yoldaşı olmalıdır. Allah-Təala buyurur: «وَاجْعَلْ لِي وَزِيرًا مِنْ أَهْلِي» – “Mənim üçün öz ailəmdən bir köməkçi qərar ver” (Taha: 29), həmçinin buyurur: «سَنَشُدُّ عَضُدَكَ بِأَخِيكَ» – “Səni qardaşınla gücləndirəcəyik” (Qəsəs: 35). Belə bir dostun olması yarış və həmrəylik gətirir, hafizə yolunda müsbət təsir göstərir.
Sonda əl-Cəfəravi dedi: Hafiz mütləq dua etməlidir. Hər halında, hər işində, hər vaxtında – xüsusən səcdədə və gecə namazında Allahdan kömək istəməlidir ki, O, Qurani-Kərimi əzbərləməyi ona asan etsin. Çünki Allah buyurur: «وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِنْ مُّدَّكِرٍ» – “Biz Quranı öyüd almaq üçün həqiqətən asanlaşdırdıq. Bəs öyüd alan varmı?” (Qəmər: 17).
4312847