IQNA

Qurani-Kərimdə “əməkdaşlıq” (7)

Cəmiyyət quruculuğu üçün əməkdaşlıq

16:07 - November 01, 2025
Xəbər sayı: 3499129
İQNA - İctimai həyatın əsası qarşılıqlı yardım, əməkdaşlıq və mənfəət mübadiləsidir. Buna görə də İslam məktəbi təavünü (yardımlaşmanı) əxlaqi düşüncənin zəruri prinsiplərindən biri kimi diqqət mərkəzində saxlamışdır.

İslamda sosial yardımlaşmanın və cəmiyyətdə ehtiyacı olanların, məhrum təbəqənin həyat təminatının əsaslarından biri də İslam qardaşlığıdır. Qurani-Kərim buyurur:

«إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ» – “Həqiqətən, möminlər bir-birinin qardaşıdırlar” (Hücürat: 10).

İslam, müsəlmanları bir-birinə qardaş etmişdir ki, fərdi maraqlar arasındakı ziddiyyətləri ortaq mənfəət və həmrəyliyə çevirsin. Buna görə də, onlar bir-birinə qardaş olduqlarından, bir-birinə kömək etməlidirlər.

Deməli, əgər cəmiyyətdə bir kasıb varsa, bir müsəlman imkanlı olduğu halda onun aclıq və səfalət içində qalmasına icazə verməməlidir. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Möminlərin bir-birinə bağlılıq, dostluq, məhəbbət və mərhəmət baxımından nümunəsi bir bədən kimidir; bədənin bir üzvü ağrısa, digər üzvlər də onun ağrısını hiss edər.”

Cəmiyyət quruculuğu üçün norma

İnsanlar öz xoşbəxtliklərini və kamilliyə çatmağı təmin etmək üçün elə ehtiyaclara malikdirlər ki, bunları təkbaşına ödəyə bilməzlər. Buna görə də onlar cəmiyyət yaratmalı və bir-birlərinə yardım etməlidirlər.

Deməli, ictimai həyatın əsası yardımlaşma, əməkdaşlıq və mənfəət mübadiləsidir. Hətta demişlər ki, cəmiyyətin təşkili və yardımlaşma insan fitrətində (yaradılışında) mövcuddur. Cəmiyyət üzvlərinin fiziki, iqtisadi, sosial və mədəni baxımdan müxtəlif qabiliyyətlərə malik olmaları da onların həyatın müxtəlif sahələrində bir-birinə dayaq olmasını zəruri edir.

Bu səbəbdən İslam məktəbi yardımlaşmanı əxlaqi düşüncənin zəruri prinsiplərindən biri kimi dəyərləndirmiş, möminləri xeyirxahlığa, bir-birinə yardımda və yaxşılıqda tələsməyə çağırmış, eyni zamanda zülm, ədalətsizlik və bərabərsizliyə gətirib çıxaran pis işlərdə yardımlaşmaqdan çəkindirmişdir.

İslam rəvayətlərinə görə, müsəlmanların bir-birinə qarşı müəyyən hüquq və vəzifələri vardır ki, onlardan biri malda paylaşmaq (müvəsat)dır. Bunun bir nümunəsi də bazarda qıtlıq yaranan zaman, insanın öz ehtiyacından artıq olan malı başqaları ilə bölüşməsidir.

İmam Sadiqin (ə) xidmətçisi belə nəql edir: “İmam (ə) mənə buyurdu: “Mədinədə qiymətlər bahalaşıb. Bizdə nə qədər ərzaq var?” Dedim: “Bir neçə ay bizə kifayət edəcək qədər”.

İmam (ə) buyurdu: “Hamısını çıxar və sat”. Mən satdıqdan sonra buyurdu: “İndi gündəlik olaraq camaatla birlikdə ərzaq al və ailəmin yeməyini yarı arpa, yarı buğda et. Həqiqətən, Allah bilir ki, mən ailəmi tam buğda ilə dolandıra bilərəm, lakin istərdim ki, Allah məni həyatımı ölçülü və ədalətli şəkildə tənzimləyən biri kimi görsün”.

3495083

captcha