“News Room” saytının verdiyi xəbərə görə, Misir Qurani-Kərim Müsabiqəsinin bu mərhələsi videokonfrans vasitəsilə, iştirakçıların dəqiq və şəffaf qiymətləndirilməsinə imkan verən müasir texnologiyalardan istifadə edilərək keçirilir.
Bu müsabiqə, Misir Əvqaf Nazirliyinin texnoloji inkişafla ayaqlaşmaq, eləcə də xarici iştirakçıların coğrafi məhdudiyyətlər olmadan iştirakını asanlaşdırmaq istiqamətindəki səylərinin göstəricisidir.
32-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin məsulları bildiriblər ki, ilkin mərhələ Qurani-Kərimi əzbər bilən, qiraət və təcvid qaydalarına bələd olan ən yaxşı xarici iştirakçıların seçilməsi və onların Qahirədə Qurani-Kərim elmləri üzrə mütəxəssis hakimlərin iştirakı ilə keçiriləcək final mərhələsinə hazırlanması məqsədilə təşkil olunub.
Misir Əvqaf Nazirliyi bu tədbirin keçirilməsi ilə həmrəylik, dözümlülük və sülhə çağıran Quran dəyərlərinin möhkəmləndirilməsini, həmçinin elmi və qarşılıqlı hörmətə əsaslanan İslam sivilizasiyasının parlaq bir obrazını təqdim etməyi qarşısına məqsəd qoyub.
32-ci Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin final mərhələsi 2025-ci ilin dekabr ayında (Cari ilin Azər ayında) dünyaca məşhur misirli qarinin – mərhum ustad Şəhat Məhəmməd Ənvərin xatirəsinə həsr olunaraq, dünyanın müxtəlif ölkələrindən olan iştirakçıların iştirakı ilə Qahirədə keçiriləcək.
Müsabiqənin elan olunmuş sahələri bunlardır:
Quranı (Həfsin Asimdən rəvayəti üzrə) təcvid, təfsir və ayələrin nazil olma səbəbləri ilə birlikdə əzbərləmək;
Ərəb olmayanlar üçün Həfsin Asimdən rəvayəti üzrə təcvidlə Quran əzbəri;
Quranı Həfsin Asimdən və ya Vərşin Nafidən (və ya hər iki rəvayət üzrə) təcvid və təfsirlə, həmçinin qrammatik aspektlərə riayət etməklə əzbərləmək;
Həfsin Asimdən və ya Vərşin Nafidən (və ya hər iki rəvayət üzrə) rəvayətlə Quranı əzbərləmək və “əl-Bəyan əla əl-Münəxtəb fi Təfsiril-Qurani Kərim” kitabına əsasən Quranın 29 və 30-cu cüzlərinin təfsiri;
Gözəl səs (təcvidlə qiraət) və Həfsin Asimdən və ya Vərşin Nafidən (və ya hər iki rəvayət üzrə) rəvayətlə Quranı təfsir və ayələrin nazil olma səbəbləri ilə birlikdə əzbərləmək;
Əlillər üçün xüsusi bölmə: Həfsin Asimdən və ya Vərşin Nafidən (və ya hər iki rəvayət üzrə) rəvayətlə Quranı “əl-Bəyan əla əl-Münəxtəb” kitabına əsasən 30-cu cüzün təfsiri ilə əzbərləmək;
“Qurani-Kərim ailəsi” bölməsi: Həfsin Asimdən və ya Vərşin Nafidən (və ya hər iki rəvayət üzrə) rəvayətlə Quranı əzbərləmək, mənaları və qrammatik cəhətləri anlamaq; qiraətlər bölməsi: “Şatibiyyə” üsulu ilə “Səbi suğra qiraəti”nə əsasən Quranı təcvid və əzbərlə oxumaq və bu qiraətləri izah etmək.
Qeyd edək ki, Misirdə keçirilən Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin əvvəlki mərhələləri də tanınmış misirli qarilərin xatirəsinə həsr olunub. Belə ki, bu tədbirin 26-cı mərhələsi Şeyx Mahmud Xəlil əl-Husrinin, 27-ci mərhələsi isə ustad Əbdülbasit Əbdüssamədin adı ilə keçirilmişdi.
4314273