“İQNA”-nın “Al-Ummah” saytına istinadən verdiyi xəbərə görə, İngiltərənin baş naziri Kiyer Starmer çıxışında müsəlmanlara qarşı nifrət yönümlü cinayətlərin İngiltərə cəmiyyəti üçün yolverilməz olduğunu qeyd edib.
O, müsəlmanlara qarşı nifrəti “dəhşətli” adlandırıb və bununla qəti şəkildə mübarizə aparılmalı olduğunu deyib.
İngiltərə baş nazirinin bu açıqlamaları İcmalar Palatasındakı həftəlik Baş nazirə suallar sessiyası zamanı səsləndirilib.
Starmerin fikirləri Leyborist Partiyasından olan millət vəkili Əfzal Xanın sualına cavab olaraq səslənib. Millət vəkili baş nazirə Birləşmiş Krallıqda narahatedici dərəcədə artan irqçilik və islamofobiya ilə mübarizə məqsədilə hökumətin hansı addımları atmağı planlaşdırdığını izah etməsini xahiş etmişdi.
Starmer cavabında bildirib ki, bu hadisələrin artması diqqət mərkəzində olmalıdır və vurğulayıb ki, hökumət ölkə üzrə məscidlərin və İslam məktəblərinin qorunması üçün ayrılan büdcəni artırmaq üzərində çalışır. Bu addımın məqsədi müsəlman icmalarının təhlükəsizliyini və arxayınlığını təmin etməkdir.
Baş nazir həmçinin müsəlmanlara qarşı nifrət cinayətlərinin izlənməsi və onlarla mübarizə üçün yeni bir fondun yaradılmasından danışaraq bildirib ki, noyabr ayında keçirilən İslamofobiya Fərqindəlik Ayı (IAM) münasibətilə hökumət müsəlmanlara qarşı nifrət anlayışının yenilənmiş tərifini hazırlamağa davam edir.
4318110