IQNA

BMT-nin Kəşmirdə müsəlmanların hüquqlarının pozulmasına dair xəbərdarlığı

17:09 - November 27, 2025
Xəbər sayı: 3499293
İQNA - Birləşmiş Millətlər Təşkilatı Kəşmir müsəlmanlarının hüquqlarının pozulması ilə bağlı Hindistana xəbərdarlıq edib.

“Əl-Ümmə” xəbər portalının məlumatına görə, BMT ekspertləri Hindistan rəsmiləri tərəfindən Cammu və Kəşmirin işğal altındakı bölgəsində ciddi insan hüquqları pozuntularına dair dərin narahatlıqlarını ifadə ediblər.

Bu xəbərdarlıqlar 2025-ci ilin aprel ayında Pahalgamda baş verən hücumdan sonra gündəmə gəlib. Həmin hadisədən sonra genişmiqyaslı təhlükəsizlik tədbirləri, o cümlədən həbslər və özbaşına saxlamalar, söz və mətbuat azadlığının məhdudlaşdırılması, mülki evlərin dağıdılması və ailələrin məcburi şəkildə köçürülməsi kimi hallar müşahidə olunub.

Kəşmir Media Xidmətləri Mərkəzinin məlumatına əsasən, BMT ekspertləri Hindistan rəsmilərinin təxminən 2 min 800 nəfəri – jurnalistlər və insan hüquqları müdafiəçiləri də daxil olmaqla – həbs etdiyini bildirdilər.

Bu həbslər Srinagar, Qanderbal, Bandipora, Kupwara, Baramulla, Budgam, İslamabad (Anantnag), Pulwama, Shopian və Kulgam da daxil olmaqla müxtəlif bölgələrdə aparılıb.

Ekspertlər qeyd ediblər ki, saxlanılanlardan bəziləri fiziki və psixoloji işgəncələrə məruz qalıb, vəkilləri və ailələri ilə əlaqə saxlamaq imkanından məhrum ediliblər. Onlar “İctimai Təhlükəsizlik Qanunu” və “Qeyri-qanuni Fəaliyyətlər Qanunu” kimi hüquqi aktlar əsasında ittiham olunublar ki, bu qanunlar uzunmüddətli həbsi ittihamsız və məhkəməsiz mümkün edir və terrorizm anlayışını geniş və qeyri-müəyyən şəkildə tərif edir.

BMT ekspertləri vurğulayıblar ki, bu həbslər və özbaşına saxlamalar, habelə saxlanma zamanı baş verən şübhəli ölümlərlə bağlı məlumatlar, beynəlxalq insan hüquqları qanunlarının – o cümlədən yaşamaq hüququnun və insan ləyaqətinin – açıq şəkildə pozulması deməkdir.

Onlar həmçinin bölgədəki Kəşmirli və müsəlman icmalarına qarşı açıq ayrı-seçkiliyə toxunublar və ən həssas qrupların əsas hüquqlarını məhdudlaşdıran tədbirlərin davam etdiyini bildiriblər.

Ekspertlər tərəfindən sənədləşdirilmiş digər pozuntular sırasında evlərin məcburi şəkildə dağıdılması, məcburi çıxarılma və özbaşına köçürmələr də yer alır. Onlar qeyd ediblər ki, bu tədbirlər çox zaman militantlara dəstəkdə şübhəli bilinən ailələri hədəfə alır və əksər hallarda heç bir məhkəmə qərarı və ya hüquqi prosedur olmadan həyata keçirilir.

Ekspertlər Hindistan rəsmilərinin bu cür addımlarını “kollektiv cəza” adlandırıb və Hindistan Ali Məhkəməsinin 2024-cü ildə verdiyi qərarın pozulması kimi dəyərləndiriblər. Həmin qərar belə dağıntıların konstitusiyaya zidd olduğunu, yaşayış hüququnun, insan ləyaqətinin və özbaşına köçürülmədən qorunmanın pozulması olduğunu təsdiqləmişdi.

BMT ekspertləri həmçinin Hindistanda yaşayan Kəşmirli tələbələrə nəzarətlə bağlı narahatlıqlarını ifadə ediblər. Dövlətin universitetlərə onların şəxsi məlumatlarını toplamağı məcburi edən göstərişlər verməsini qeyd edərək, bunun tələbələrin şəxsi həyatına qanunsuz müdaxilə və onların psixoloji gərginliyini artıran bir amil olduğunu vurğulayıblar.

4319374

captcha