“İQNA”-nın “Daily Mail”-ə istinadən verdiyi xəbərə görə, torpağın təbiət qoruğuna çevrilməsi təklifindən sonra Britaniyanın ən böyük İslam qəbiristanlığı layihəsi yenidən mübahisələrə səbəb olub.
Bu addım, müsəlman icmasının İslam qaydalarına uyğun hörmətli dəfn hüququna açıq-aşkar biganəlik kimi qiymətləndirilir.
Torpağın sahibi olan qardaşlar – Zubeyr və Mohsin İsa – layihəyə sadiq olduqlarını vurğulayaraq, bu təklifləri qəbiristanlığın tikintisinə mane olmaq cəhdi kimi rədd ediblər. Onların sözlərinə görə, bu təkliflər, xüsusilə bəzi bölgələrin dəfn imkanları baxımından kritik həddə çatdığı bir vaxtda, İslam dəfn yerlərinə təcili ehtiyac olmasına baxmayaraq irəli sürülür.
Alternativ layihə Lancashire bölgəsində böyük bir ərazinin vəhşi təbiət qoruğuna çevrilməsini nəzərdə tutur. Lakin İsa Xeyriyyə Fondu İslam layihəsinin qorunmasının prioritet olduğunu bildirib.
Bəzi yerli sakinlərin etirazlarına baxmayaraq, layihənin tərəfdarları hesab edirlər ki, qəbiristanlığın tikintisinin qarşısının alınması müsəlmanları Britaniya qanunları ilə təmin edilmiş dini ayinlərə hörmət hüququndan məhrum edəcək. Onların fikrincə, dəfn üçün ayrılmış torpağın ekoloji layihəyə çevrilməsi, əsl dini hüququn qarşısını almaqdan başqa bir şey deyil.
«İsa Memorial Bağı» adlanan bu qəbiristanlıq Blackburn-un qərbində 84 hektar ərazidə tikiləcək və 35 min dəfn yeri ilə təmin olunacaq. Bu, 40 futbol meydançasına bərabər sahə deməkdir.
Yeni məkan, 2002-ci ildə Londonun şərqində açılmış və 10 min dəfn yeri olan «Sükunət Bağı»nı geridə qoyacaq.
Torpağın sahibi olan Zubeyr və Mohsin İsa qardaşlarının rəhbərlik etdiyi İsa Fondu bu layihəni COVID-19 pandemiyası nəticəsində artan ölüm hallarına görə həyata keçirməyə qərar verib. Fondun bəyanatında qeyd olunub ki, xüsusilə pandemiyadan sonra İngiltərənin şimal-qərbində müsəlmanların dəfn ehtiyacı böhran həddinə çatıb.
Fond əlavə edib: bu layihə, müsəlman icmasının ümumi maraqlarına xidmət edir və İngiltərənin şimal-qərb bölgəsi üçün strateji əhəmiyyət daşıyır.
Qəbiristanlıqda idarəetmə üçün bir mərtəbəli bina, qəbir yuyulma yeri, məscid, vida otaqları və dəstəmazxana olacaq. Layihədə həmçinin 663 avtomobil dayanacağı nəzərdə tutulub.
4321376