“İQNA”-nın “əl-Mısri əl-Yəvm”ə istinadla verdiyi xəbərə görə, İslam Dünyası Birliyinin təşəbbüsü ilə “əl-Bəsirə” adı altında ilk beynəlxalq Quran hifzi yarışları 4–7 dekabr tarixlərində ölkənin paytaxtı Cakartada təşkil olunub.
Bu yarışlar dünyanın müxtəlif ölkələrindən görmə məhdudiyyətli müsabiqlər üçün nəzərdə tutulmuşdu. Tədbirdə İslam Dünyası Birliyinin baş katibi Şeyx Məhəmməd bin Əbdülkərim əl-İsa, İndoneziya Məsləhət Məclisinin sədri Əhməd Mozani və ölkənin dini işlər naziri Nəsrəddin Ömər iştirak ediblər.
Yarışların keçirilməsində məqsəd görmə məhdudiyyətli Quran hafizləri arasında rəqabət ruhunu gücləndirmək, onları təşviq və təqdir etmək, cəmiyyətdə bu qrupun rolunu önə çıxarmaq, hifz və təcvid bacarıqlarını möhkəmləndirmək, onların öz imkanlarına inamını artırmaq və digər cəmiyyət üzvləri ilə yanaşı Quran yarışlarında iştiraklarını təmin etmək olub.
Müsabiqələr aşağıdakı sahələrdə təşkil olunub:
- “Mənzumətul-Cəzəriyyə” əsəri ilə birlikdə bütün Quranın hifzi (Quran qiraəti və hifzi üzrə əsas mənbələrdən biri),
- bütün Quranın hifzi – oğlanlar üçün,
- bütün Quranın hifzi – qızlar üçün,
- 20 cüzün hifzi,
- 10 cüzün hifzi.
İslam Dünyası Birliyi yarışların sonunda müxtəlif yaş qruplarından olan, Quran hifzində bacarıqlı, qiraət, təcvid və mətnlərin qorunmasında üstünlük göstərən görmə məhdudiyyətli hafizləri mükafatlandırıb.
Yarış müddətində görmə məhdudiyyətlilər üçün innovativ texnologiya sayılan 300 ədəd elektron Brayl Quran nüsxəsi iştirakçılar arasında paylanıb.
Birincilik İran nümayəndəsinə qismət oldu
İranlı görmə məhdudiyyətli xanım və bütün Quranı hifz etmiş Zəhra Xəlili-Səmrin, ilkin mərhələləri uğurla keçərək finala yüksəlib və bütün Quranın hifzi üzrə birinci yeri qazanıb.
Bu yarışlar istedadlı Quran gənclərini dəstəkləmək, görmə məhdudiyyətlilərin rolunu önə çıxarmaq və onların hifz və tilavət sahəsində zehni bacarıqlarını inkişaf etdirmək məqsədilə keçirilir.
4321804