“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, avstraliyalı jurnalist və fəal Robert Martin deyib ki, 2014-cü ildə Fələstinə ilk səfəri onun həyatında dərin iz buraxıb.
Fələstin davasına güclü dəstəyi ilə tanınan Martin “Əl-Cəzirə”yə bildirib ki, Fələstində olduğu dövr və müsəlman icmaları ilə yaxın təması onun həyatında böyük bir dönüş nöqtəsi olub.
O açıqlayıb ki, bu ilin 17 yanvar tarixində rəsmi şəkildə islamı qəbul edib, lakin etiraf edib ki, uşaqlıqdan dinlə münasibətləri problemli olub.
O deyib: “Mən xristian kimi böyümüşdüm, amma düzgün bir şəkildə yox. Məni xristian olmağa məcbur etmişdilər, lakin bir müddət sonra ateist oldum”.
Martin qeyd edib ki, Fələstinə getməsi və oradakı müsəlmanlarla birgə yaşaması onun baxışlarını tamamilə dəyişib. Əslində, bu müsəlmanlarla ünsiyyət onun həyatını xilas edib.
O izah edib ki, İslama doğru mənəvi yoluna 2016-cı ildə Qurani-Kərimi oxumaqla, dini dərslərdə iştirak etməklə və məscidlərdə mühazirələrə qatılmaqla başlayıb; nəhayət, şəhadət kəlməsini demək üçün qəti qərar verib. O bildirib ki, şəhadət kəlməsini Melburndakı Haydelberq məscidində demək istəyir.
Martin İordan çayının qərb sahilində yerləşən Bilin (Bilin) bölgəsində yaşadığı təcrübəni xatırladaraq, bunun islamın ruhunun ona ilk dəfə təsir etdiyi an olduğunu deyib. O bildirib: “Azmışdım və məscidin çölündə oturmuşdum. Bir kişi çölə çıxdı və dedi: “Zəhmət olmasa, içəri gəl.” Kim olduğumu və haradan gəldiyimi soruşmadan. Bu, mənim islamla həqiqi tanışlığımın başlanğıcı idi”.
O vurğulayır ki, bütün ağrı və iztirablara baxmayaraq, fələstinlilərin müqaviməti və dərin imanı onun mənəvi səfərinə böyük təsir göstərib. O deyir: «Mən oğullarını itirmiş anaları və oğullarını itirmiş ataları gördüm, amma onlar imanlarına söykənirdilər. Düşünmürəm ki, iman olmadan sağ qala bilərdilər».
Martin həmçinin Azadlıq Donanmasının bir hissəsi kimi “Hənzələ” gəmisi ilə Qəzzaya çatmaq cəhdi zamanı yaşadığı son təcrübədən danışıb. O deyib: “Bizi saxladılar və həbs etdilər. Bu, fələstinlilərin gündəlik həyatının yalnız kiçik bir hissəsi idi”.
Sonda o, fələstinlilərə dəstək mesajı verib: “Biz sizin üçün mübarizəni davam etdirəcəyik. Çünki bu gün Fələstinə olan sevgimiz İsraildən qorxumuzdan qat-qat böyükdür və biz qalib gələcəyik”.
4322627