“İQNA”-nın “Arabi21” saytına istinadən verdiyi xəbərə görə, Avstraliyanın Sidney şəhərində Bondi sahilində yəhudilərin Xanuka bayramına silahlı hücum, ideoloji və ya fərdi motivli zorakılığın çoxmillətli və çoxdinli cəmiyyətlərə təsirləri barədə müzakirələri yenidən alovlandırıb.
Bu mövzuda Avstraliya və Yeni Zelandiyanın baş müftisi Dr. İbrahim Əbu Məhəmməd vurğulayıb ki, hadisədən dərhal sonra verdiyi qınama bəyanatı siyasi mövqe və ya emosional reaksiya olmayıb, əksinə, insan həyatına hücumu – istər hücum edən şəxsin kimliyi, istərsə də qurbanın dini – nəzərə almadan qəti şəkildə qadağan edən möhkəm hüquqi və insani prinsipə əsaslanıb.
Əbu Məhəmməd Bondi sahilində baş verən hadisənin heç bir din və ideologiya tərəfindən təsdiqlənmədiyini vurğulayaraq, sionist rejim baş nazirinin bu hadisədən siyasi məqsədlərlə istifadə etməsi və ya onu İslam, Fələstin məsələsi və Avstraliya hökumətinin Qəzzəyə qarşı İsrailin təcavüzü ilə bağlı mövqeyinin dəyişdirilməsi ilə əlaqələndirməsi barədə xəbərdarlıq edib.
Baş müftinin sözlərinə görə, Avstraliya polisi onu uzaq bir yerdə avtomobil idarə edərkən, hadisə barədə hələ hücum edənlərin kimliyi və məqsədləri barədə heç bir tam məlumat olmadığı bir vaxtda xəbərdar edib.
O, Avstraliya cəmiyyətinin təbiətinə toxunaraq bildirib ki, bu ölkə 200-dən çox millət və 121 dini inancla formalaşıb və təhlükəsizlik hadisələrinə dini və etnik kimlik prizmasından yanaşmağın təhlükələrinə diqqət çəkib.
Baş müfti deyib: “Əgər hadisələrə millət və ya inanc əsasında yanaşmağa başlasaq, hər gün 200-dən çox milli və 121-dən çox dini problemimiz olacaq və bu, istənilən cəmiyyətin dağılması üçün kifayətdir.”
O əlavə edib: “Cəmiyyətin hər hansı bir hissəsinə dəyən zərər dərhal qarşısı alınmalıdır. Çünki müalicə olunmayan zərər virus kimidir – əgər nəzarət edilməsə, yayılır, bütün bədəni yoluxdurur və sosial toxumu, mədəni birliyi təhdid edir.”
Baş müfti çıxışının başqa bir hissəsində deyib: “Fələstinin tanınması və ya Qəzzə ilə bağlı mövqe ilə bu hücum arasında qətiyyən heç bir əlaqə yoxdur. Biz müstəqil bir ölkəyik və öz daxili işlərimizi idarə etməyə qadirik. Bizə kimsə diktə edə bilməz ki, nə etməliyik.”
4323318