IQNA

Ümumdünya Müsəlman Alimləri Birliyi İsveçdə Qurana qarşı hörmətsizliyi pislədi

11:32 - December 23, 2025
Xəbər sayı: 3499461
İQNA – Ümumdünya Müsəlman Alimləri Birliyi Stokholm məscidinə hücumu və Qurani-Kərimə qarşı hörmətsizliyi pisləyərək, müsəlmanların müqəddəs məkanlarına hücumların dayandırılması üçün tədbir görülməsini tələb edib.

“İQNA”-nın “Arabi21” saytına istinadla verdiyi məlumata görə, Stokholm məscidinə ifratçıların hücumundan sonra Ümumdünya Müsəlman Alimləri Birliyi müsəlmanların müqəddəs məkanlarına hücumların qarşısının alınması üçün tədbir görülməsini istəyib. 

Birliyin bəyanatında bu hərəkət “qınanmalı və cinayətkar bir əməl” kimi təsvir olunub və insan dəyərləri, ilahi dinlər və beynəlxalq normalarla ziddiyyət təşkil etdiyi vurğulanıb. 

Ümumdünya Müsəlman Alimləri Birliyi həmçinin bir sıra Avropa ölkələrində müsəlmanların həyatına, müqəddəs məkanlarına, hüquqlarına və ləyaqətlərinə ciddi təsir göstərən hüquq pozuntularına dair dərin narahatlığını ifadə edib. Birlik, dünya müsəlmanlarının hisslərinin təkrar-təkrar təhrik olunmasına da diqqət çəkib. 

Bəyanatın davamında bu cinayət, eləcə də Qurani-Kərimə qarşı bütün hörmətsizlik halları, hücumlar, irqçi ritorika, anti-İslam təxribatlar və nifrət cinayətləri kəskin şəkildə pislənib. Son illərdə, xüsusilə İsveçdə və ümumən Avropada bu hallar getdikcə artmaqdadır. 

Birlik Avropa ölkələrini bu təxribatların və cinayətlərin qarşısını almaq üçün qəti tədbirlər görməyə, islam və digər dinlərə qarşı irqçilik və nifrət yayılmasına qarşı ciddi mübarizə aparmağa çağırıb. Həmçinin, qarşılıqlı hörmət, qanunun aliliyi və insan ləyaqətinin qorunmasını təmin edən ədalətli əsaslar üzərində ictimai sülhə nail olmaq üçün səmimi və konstruktiv əməkdaşlığı gücləndirməyə dəvət edib. 

Birlik müsəlman azlıqları da bu hücumlara etik və dürüstlük prinsiplərinə riayət etməklə, sülhsevər, mədəni və qanuni yollarla cavab verməyə, yaşadıqları cəmiyyətlərə hörmət göstərərək müsbət əməkdaşlıq və birgəyaşayışı möhkəmləndirməyə çağırıb. 

Stokholm, İsveç paytaxtında islamofob ifratçıların irqçi hücumu zamanı məsciddə pilləkən məhəccərinə zəncirlənmiş Qurani-Kərim nüsxəsi tapılıb ki, onun üzərində altı güllə izi olub. 

Məscidin müdiri Mahmud əl-Xəlifiy Anadolu agentliyinə bildirib ki, irqçi və islamofob hücumlar günbəgün artır. O əlavə edib ki, tapılan Quranda ərəb və isveç dillərində belə yazılmışdı: “Sizi görməkdən məmnunuq, amma evə getmək vaxtıdır.” 

4324331

captcha