IQNA

Sədr Hərəkatının liderinin Keldani Kilsəsinin rəhbərinə reaksiyası

Müqtəda Sədr: Sionist rejimlə münasibətlərin normallaşdırılması cinayətdir

10:11 - December 27, 2025
Xəbər sayı: 3499477
İQNA – Sədr Hərəkatının lideri sionist rejimlə hər cür münasibətlərin normallaşdırılmasına qəti şəkildə qarşı çıxdı.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadla verdiyi xəbərə görə, İraq Keldani Katolik Kilsəsinin rəhbəri Lüvis Rafael Sakonun Bağdaddakı “Mar Yusif” kilsəsində İsa Məsihin (ə) mövludu münasibətilə keçirilən mərasimdə, İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani və digər siyasi-dini liderlərin iştirakı ilə söylədiyi sözlər sərt reaksiyalara səbəb olub. 

O dedi: “Cənab Baş nazir, mən münasibətlərin normallaşdırılması barədə danışmaq istəyirəm və ümid edirik ki, bu məsələ İraqın yeni hökumətində baş verəcək. İraq peyğəmbərlərin torpağıdır və Təlmud (yəhudilərin müqəddəs kitabı) Babilistanda – buraya yaxın bir məkanda yazılıb. Dünya İraqa gəlməlidir, başqa yerə yox.” 

Müqtəda Sədr bu sözlərə sərt cavab verərək bildirdi: “İsraillə münasibətlərin normallaşdırılması İraq qanunlarına görə cəza nəzərdə tutulan bir cinayətdir.” 

O, həmçinin məsul qurumları və aidiyyəti orqanları dərhal sionist rejimlə münasibətlərin normallaşdırılması ilə bağlı hər hansı bir tələbin qarşısını almaq üçün öz vəzifələrini yerinə yetirməyə çağırdı. 

Sədr Hərəkatının lideri vurğuladı: “Normallaşdırma və ona qanunilik qazandırmaq İraqda yer tutmur.” 

İraqın Miqrasiya naziri İvan Faiq Cabro da sionist rejimlə münasibətlərin normallaşdırılmasına dəvət və ya onun hər hansı formada əsaslandırılması istiqamətindəki hər bir bəyanatı və mövqeni qətiyyətlə rədd etdi. 

Xristian olan Cabro dedi: “Bu bəyanatlar və baxışlar İraq xalqının mövqeyini əks etdirmir və İraqın dini və milli təbəqələrinin həqiqi iradəsini ifadə etmir.” 

O, Facebook səhifəsində yazdı: “İraq dövləti və xalqı Fələstin məsələsini dəstəkləmək mövqeyində sabitdir və milli, insani prinsiplərə, həmçinin haqlı və ədalətli məsələlər qarşısında tarixi öhdəliyə əsaslanaraq, Fələstinə qarşı hər cür işğal və təcavüzə qarşıdır.” 

Miqrasiya naziri, Baş nazir Məhəmməd Şiya əs-Sudaninin normallaşdırmaya dəvəti rədd edən mövqeyini alqışladı. 

Bu arada, İraqın Baş naziri Bağdaddakı “Mar Yusif” kilsəsində keçirilən mərasimdə vurğuladı: “Bizim münasibətlərin normallaşdırılmasına ehtiyacımız yoxdur, bizim qardaşlığa, məhəbbətə, birgəyaşayışa və şəriətə, konstitusiyaya bağlılığa ehtiyacımız var.” 

O əlavə etdi: “Normallaşdırma və barışıq sözləri İraqın lüğətində yer tutmur, çünki bu, torpağın və insanın hörmətini pozan işğalçı rejimlə bağlıdır və bütün dəyərlər və ilahi dinlər ona qarşıdır.” 

4324945

captcha