IQNA

İraq Keldani Kilsəsinin rəhbərinin şayiələrə reaksiyası: Heç vaxt İsraillə normallaşma istəməmişəm

10:44 - December 27, 2025
Xəbər sayı: 3499480
İQNA – İraq Keldani Kilsəsinin rəhbəri, sözlərinin təhrif edilməsini sərt şəkildə tənqid edərək bəyan edib: Onun “normallaşma” mövzusundakı açıqlamaları yalnız İraqın turizm və iqtisadi infrastrukturunun yaxşılaşdırılmasına aid olub və İsraillə münasibətlərin qurulması və bu rejimlə əlaqələrin normallaşdırılması ilə heç bir bağlılığı yoxdur.

 

“İQNA”-nın “Middle East News” saytına istinadla verdiyi xəbərə görə, İraq Keldani Kilsəsinin rəhbəri Lüvis Sako vurğulayıb ki, Fələstin idealına hörmət olaraq heç vaxt İsrailə (işğal olunmuş torpaqlara) səfər etməyib və bu barədə yayılan səs fayllarının süni intellekt vasitəsilə hazırlanmış tamamilə yalan olduğunu bildirib. 

Kardinal Lüvis Sakoya aid edilən və İsraillə münasibətlərin normallaşdırılması barədə olduğu iddia edilən sözlərin yayılmasının ardınca İraqın xristian dini və siyasi şəxsiyyətləri arasında geniş etiraz dalğası formalaşdı. Bu dini lider müsahibəsində vurğuladı: “Mən nə İsraillə münasibətlərin normallaşdırılması üçün çağırış etmişəm, nə də bu barədə hər hansı bir razılaşma imzalamışam. Mənim məqsədim İraqın xeyrinə vəziyyətin normallaşdırılması idi; çünki İraq İbrahim peyğəmbərin (ə), peyğəmbərlərin, sivilizasiyaların və mədəniyyətlərin torpağıdır.” 

O əlavə etdi: “İraq turizm ölkəsidir və bu potensialdan əlavə gəlir mənbəyi kimi istifadə edilməlidir, çünki neft bir gün tükənəcək.” 

Lüvis Sako dedi: “Necə ki, digər ölkələr öz maraqlarının ardınca gedirlər, İraq da dini, tarixi turizmə və həmçinin ölkənin şimalındakı istirahət məkanlarına sərmayə qoymalıdır.” 

İraq Keldani Kilsəsinin rəhbəri bəyan etdi: “Kimlərsə mənim sözlərimi İsraillə normallaşma kimi yozmaq istəsə, bu heç vaxt belə olmayıb və mən İsrailə getməyi ümumiyyətlə qəbul etməmişəm.” 

O, süni intellekt texnologiyası ilə hazırlanmış və guya onun İsrailə səfər etdiyini göstərən saxta fayla işarə edərək vurğuladı: “Mən Papa Fransisklə birlikdə olduğum vaxt, o (işğal olunmuş Fələstinə) getdi, amma mən Fələstin idealına hörmət olaraq getməkdən imtina etdim.” 

Lüvis Sako əlavə etdi: “Orada kilsəmiz və mərkəzimiz olsa da, mən heç vaxt getmədim. Yalanın divarı və miqyası böyükdür, amma heç vaxt davamlı olmayacaq; qalacaq olan yalnız həqiqətdir.” 

4325074

captcha