“İQNA”-nın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu gün, cümə axşamı yüz minlərlə insan İstanbulun məscidlərində sübh namazını qıldıqdan sonra Qalata körpüsünə doğru hərəkət edərək Fələstinlə həmrəylik yürüşündə iştirak edib.
“Böyük Qəzza yürüşü” “Geri çəkilməyəcəyik, susmayacağıq və Fələstini unutmayacağıq” şüarı ilə “İnsanlıq Koalisiyası”, “Milli İradə Təşkilatı” və “Türkiyə Gənclər Fondu (TÜGVA)”nın təşkilatçılığı, həmçinin 400-dən çox ictimai təşkilat və Türkiyənin futbol klublarının iştirakı ilə İstanbulda keçirilib.
İştirakçılar əvvəlcə İstanbulun tarixi məscidlərində – Ayasofya, Sultan Əhməd, Fatih, Süleymaniyyə və Yeni Camiədə toplaşaraq sübh namazını qıldılar, sonra birlikdə Qalata körpüsünə doğru hərəkət etdilər.
Əksər iştirakçılar Türkiyə və Fələstin bayraqları daşıyır, fələstin şərfi geyinir və “İstanbuldan Qəzzaya, müqavimətə min salam” və “Fələstin çaydan dənizə azad olacaq” kimi şüarlar səsləndirirdilər.
Süleymaniyyə məscidinin iştirakçıları “Fələstin üçün ədalət, dünya üçün vicdan” yazılmış plakatlar daşıyır, “Qlobal intifadaya salam” və “Cinayətkar İsrail, Fələstindən çıx” kimi şüarlar səsləndirirdilər.
Ədalət və İnkişaf Partiyasının İstanbul şöbəsinin sədri Abdullah Özdemir, Elm Nəşriyyatı Vəqfinin mütevelli heyətinin sədri Bilal Ərdoğan, bir sıra millət vəkilləri və bələdiyyə başçıları da Qaraquy bölgəsindəki Ərəb məscidində sübh namazında iştirak edərək xalqla birlikdə Qalata körpüsünə doğru hərəkət etdilər.
Bir neçə böyük futbol klubu azarkeşlərini bu yürüşə qatılmağa çağırdı və bununla da yürüşün Türkiyənin Qəzza müharibəsinin başlanmasından bəri şahid olduğu ən böyük Fələstin tərəfdarı nümayişlərdən birinə çevrilməsinə kömək etdi.
Qalatasaray Futbol Klubunun prezidenti Dursun Özbek İsrailin hərəkətlərini dünya üçün mənəvi bir imtahan adlandırdı.
O, X sosial şəbəkəsində paylaşdığı video müraciətində dedi: “Biz bu sükuta alışmayacağıq. Biz zülmə qarşı çiyin-çiyinə dayanırıq və bəşəriyyət üçün birlikdəyik.”
İstanbul şəhəri bundan əvvəl də 2024-cü ildə bu tədbirə ev sahibliyi etmişdi və bu hərəkət Fələstin məsələsini dəstəkləmək üçün davamlı və xalq tərəfindən həyata keçirilən fəaliyyətlərin bir hissəsi hesab olunur.
4326401