“İQNA”, “Ərəbi 21” saytına istinadən xəbər verir ki, İsrail işğal qüvvələri çərşənbə günü işğal olunmuş Qüdsün şərqindəki Şeyh Cərrah məhəlləsində yerləşən Birləşmiş Millətlər Təşkilatının Qüdsdə Fələstin Qaçqınlarına Kömək Agentliyinin (UNRWA) qərargahına hücum edərək kompleksin daxilində dağıntı işlərinə başladılar. Bu hərəkət BMT-nin bu agentliyinə qarşı gərginliyin birbaşa kəskinləşməsi kimi qiymətləndirilir.
Şahidlər bildirib ki, işğalçı qüvvələr ən azı bir buldozerlə birlikdə qərargaha daxil olub, ətraf ərazidə ağır təhlükəsizlik qüvvələrinin olmasına baxmayaraq, kompleks daxilindəki daşınan və mövcud tikililəri dağıtmağa başlayıblar.
Şahidlər əlavə edib ki, işğalçı qüvvələr BMT-nin bayrağını agentliyin qərargahından götürüb, onun yerində İsrail bayrağını sancıblar. Bu simvolik hərəkət onların bu yer üzərində tam nəzarəti ələ keçirmək niyyətini göstərir.
Şahidlər İsrailin Daxili Təhlükəsizlik Naziri İtamar Ben Qvirin şəxsən bu əməliyyatda iştirak etdiyini və UNRWA qərargahında dağıntı işləri zamanı orada olduğunu bildiriblər. Bu hərəkət, xüsusilə də onun bu agentliyə qarşı tanınmış sərt mövqeyi nəzərə alınarsa, açıq-aşkar siyasi nəticələr doğuracaq.
Eyni zamanda, işğal olunmuş Qüdsün bələdiyyə sədrinin müavini Arye Kinq "X" platformasında yazdığı məktubda bildirib: "Mən vəd etmişdim ki, nasist düşməni Qüdsdən çıxaracağıq. İndi gözlədiyimiz baş verir: UNRWA Qüdsdən qovulur." Bu yazı təhrikedici dili səbəbilə geniş tənqidlərə səbəb olub.
Bu baxımdan, 12-ci kanal bildirib ki, bu hadisə Knessetin UNRWA-nın fəaliyyətini qadağan edən qanunu qəbul etməsindən sonra baş verib. Kanal bildirib ki, İsrail Torpaq İdarəsi agentliyin Qüdsdəki kompleksini ələ keçirib, yer dövlət nəzarətinə qaytarılıb və ictimai istifadə üçün yenidən qurulacaq.
Fələstin Azadlıq Təşkilatı (FAO) çərşənbə günü Birləşmiş Millətlər Təşkilatının Qüdsdə Fələstin Qaçqınlarına Kömək Agentliyinin (UNRWA) qərargahının İsrail rəsmiləri tərəfindən ələ keçirilməsini və bəzi qurğularının dağıdılmasını pisləyib və bunu "beynəlxalq hüququn ciddi pozuntusu" adlandırıb.
Fələstin Azadlıq Təşkilatının İnsan Hüquqları və Vətəndaş Cəmiyyəti Departamenti çıxardığı bəyanatda bildirib: "İsrail qüvvələri tərəfindən UNRWA-nın Qüdsdəki kompleksi daxilindəki binaların dağıdılması, BMT bayrağının qaldırılması və İsrail bayrağının kompleks üzərində sancılması qəsdən təcavüzkar hərəkətdir."
Bəyanatda deyilir: "İsrailin bu hərəkəti Birləşmiş Millətlər Təşkilatının İmtiyazları və İmmunitetləri haqqında 1946-cı il Konvensiyasının, BMT Nizamnaməsinin və beynəlxalq ictimai hüquq normalarının ağır və açıq şəkildə pozulmasıdır."
4329522