IQNA

Hamasın İsrail rejiminin İordan çayının qərb sahili ilə bağlı planlarına reaksiyası

19:00 - February 09, 2026
Xəbər sayı: 3499716
İQNA – İslam Müqavimət Hərəkatı Həmas yaydığı bəyanatda İsrail rejimi kabinetinin İordan çayının qərb sahili ilə bağlı yeni addımlarını irqi təmizləmə adlandırıb.

“İQNA”-nın “əl-Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Həmas bəyan edib ki, İsrail rejimi kabinetinin Qərb Sahildə son qərarları — o cümlədən torpaq qeydiyyatı sənədlərinin məskunlaşanların xeyrinə açılması və Xəlil şəhər bələdiyyəsi kimi Fələstin yerli qurumlarının hədəfə alınması — Qərb Sahilinin İsrailə “faktiki ilhaq planı”nın bir hissəsidir.

Həmas həmçinin ərəb və islam ölkələrini İsrail rejimi ilə əlaqələri kəsməyə və səfirlərini qovmağa çağırıb ki, İsrailin Qərb Sahilini faktiki reallıq kimi ilhaq etmək cəhdlərinə qarşı vahid və praktik mövqe ortaya qoyulsun.

Hərəkat bəyanatının sonunda BMT-ni və beynəlxalq qurumları İsrail rejiminin təcavüzkarlığını cilovlamaq və Fələstin xalqına qarşı davam edən cinayətlərinə görə onu mühakimə etmək üçün real və təsirli addımlar atmağa çağırıb.

İsrail rejiminin təhlükəsizlik kabineti bu gün Qərb Sahili ilə bağlı bir sıra yeni qərarlar qəbul edib ki, bunlara bir İordaniya qanununun ləğvi və məskunlaşmanın genişləndirilməsi daxildir.

Yayılan məlumatlara görə, İsrail kabineti Qərb Sahilində yəhudilərə torpaq satışını qadağan edən İordaniya qanununu ləğv edib. Bu qanun 1967-ci ildə bölgə işğal olunmazdan əvvəl Qərb Sahili üzərində İordaniyanın hakimiyyəti dövrünə aid idi.

İsrailin təhlükəsizlik kabineti həmçinin Qərb Sahilində məskunlaşmanın genişləndirilməsi ilə bağlı qərarları da təsdiqləyib.

4333220

captcha