“İQNA”-nın “muslimsaroundtheworld” saytına istinadən verdiyi xəbərə görə, Rusiyanın cənub-qərbində yerləşən Saratov Mərkəzi Məscidi, Eduard Hacı Qəniyevin adını daşıyan bu müsabiqəyə ev sahibliyi edib. Tədbir məscidin 190 illik yubileyi ilə eyni vaxtda keçirilib və çox sayda dini və dövlət nümayəndəsinin iştirakı ilə müşayiət olunub.
Tatarıstan, Dağıstan və Çeçenistan respublikalarından, həmçinin Stavropol diyarı, Moskva, Penza və Səratovdan olan on bir iştirakçı yarışda öz gücünü sınayıb. Bu, Rusiyada qadınların Qurani fəaliyyətlərdə artan iştirakının göstəricisi kimi qiymətləndirilir.
Rusiya Müsəlmanları Dini İdarəsi sədrinin müavini Roşen Abbasov, idarənin rəhbəri və Rusiyanın baş müftisi Şeyx Ravil Aynuddin adından tədbirdə iştirak edib.
Abbasov çıxışında vurğulayıb ki, bu müsabiqə hərtərəfli bir Qurani tədbirdir. O bildirib ki, iştirakçılar iki əsas kateqoriyada – Qurani-Kərimin tam hifzi və otuzuncu cüzün hifzi üzrə yarışıblar.
O qeyd edib ki, bütün iştirakçılar qalib sayılır, çünki Allahın kitabını əzbərləmək mənəvi və tərbiyəvi öhdəlikdir, dini dəyərləri möhkəmləndirir və gənc qadınların bilik və şüurunu artırır.
Rusiya Müsəlmanları Dini İdarəsi sədrinin müavini əlavə edib ki, belə müsabiqələrin həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə dəstəklənməsi idarənin əsas prioritetlərindəndir. Çünki bu yarışlar Rusiyanı beynəlxalq Qurani məclislərdə təmsil edə biləcək qadın hafizlərin yetişdirilməsində mühüm rol oynayır.
O vurğulayıb ki, Qurani təhsildə gənc qadınlara diqqət yetirilməsi düzgün dini təhsilə sərmayə qoyan və müsəlman qadınların elm və dini öhdəlik sahələrində iştirakını gücləndirən bir baxışın göstəricisidir.
Abbasov həmçinin Eduard Hacı Qəniyevin həyatından danışaraq onu xeyriyyə işlərinə sərvətini sərf edən nüfuzlu və səxavətli bir şəxs kimi təsvir edib. O, bu müsabiqənin ailəsinin dəstəyi ilə davamlı şəkildə keçirilməsini “sədəqeyi-cariyə” anlayışının təcəssümü və onun cəmiyyətə xidmət irsinin yaşadılması kimi qiymətləndirib.
Tədbirdə iştirakçılar üçün xüsusi püşkatma da keçirilib. Rusiya Müsəlmanları Dini İdarəsinin rəsmi dini turizm agentliyi olan “Muslim Tour” baş müftinin göstərişi ilə iki ümrə hədiyyəsi və bir həcc hədiyyəsi təqdim edib.
4333300