IQNA

Kəbə örtüyü ilə bağlı təhqiramiz foto qalmaqalının pərdəarxası

7:27 - February 12, 2026
Xəbər sayı: 3499731
İQNA – Amerikalı məhkum Ceffri Epstaynın Birləşmiş Ərəb Əmirliklərindən olan bir iş adamı ilə birlikdə, yerə düşmüş Kəbə örtüyünün bir parçasına baxarkən çəkilmiş fotosunun yayılması mediada geniş əks-səda doğurub.

“İQNA”-nın “əl-Qüds əl-Ərəbi”yə istinadən verdiyi xəbərə görə, “Middle East Eye” analitik xəbər saytı yaxın günlərdə bir reportaj dərc edib. Həmin reportajda qeyd olunur ki, ABŞ-da cinsi cinayətlərə görə məhkum edilmiş Ceffri Epstayn BƏƏ-li bir iş adamı ilə birlikdə yerə düşmüş Kəbə örtüyünün bir hissəsinə baxarkən görüntülənib.

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayımlanan elektron məktublara əsasən, Epstaynın yeni açıqlanan sənədlərinə daxil olan bu foto onu “DP World” şirkətinin baş direktoru Sultan Əhməd bin Səlimin yanında göstərir.

Hər iki şəxs pilləkənin aşağısında dayanaraq əllərini ciblərinə qoyub Kəbə örtüyünə baxırlar.

Bu foto 8 may 2014-cü ildə Epstayna göndərilmiş, içində kobud ifadə olan anonim bir e-poçt məktubuna əlavə olunmuşdu. Epstaynın sənədlərindəki məktublar göstərir ki, Kəbənin müqəddəs örtüyü bir neçə vasitəçi vasitəsilə bu amerikalı məhkumun əlinə çatdırılıb.

2017-ci ilin fevral və mart aylarına aid yazışmalar göstərir ki, BƏƏ-də yaşayan iş adamı Əzizə əl-Əhmədi Abdullah əl-Maarri adlı bir şəxslə birlikdə Kəbə örtüyünə aid üç parçanın göndərilməsini təşkil edib.

Epstaynın sənədlərindəki məktublar göstərir ki, bu parçalar Səudiyyə Ərəbistanından Florida ştatına “British Airways” aviaşirkəti vasitəsilə göndərilib. Bu prosesə faktura tərtibi, gömrük prosedurları və ABŞ daxilində çatdırılma daxildir. Göndəriş 2017-ci ilin martında – Epstaynın həbs cəzasını çəkib bitirməsindən və insan alveri ilə bağlı məhkum edilməsindən xeyli sonra – onun evinə çatıb.

Görünür, Səudiyyə əsilli olan əl-Əhmədi məktublardan birində Epstayn üçün bu örtüyün əhəmiyyətini izah edib. O yazıb:

“Bu qara parça ən azı on milyon müsəlman – sünni, şiə və digər məzhəblərdən olan insanlar – tərəfindən toxunulub. Onlar Kəbəni yeddi dəfə təvaf edir və sonra hər biri bütün gücü ilə bu örtüyə toxunmağa çalışır. Onlar dualarını, arzularını, göz yaşlarını və ümidlərini Allah qarşısında bu örtüyün yanında dilə gətirirlər ki, duaları qəbul olunsun.”

Epstaynla Əhməd bin Səlimin 2014-cü ildə çəkilmiş fotosunun harada çəkildiyi məlum deyil. Kəbə örtüyünün müsəlmanlar üçün yüksək müqəddəs dəyəri nəzərə alınarsa, onun yerə qoyulması təhqiramiz sayılır.

Əhməd bin Səlimin Epstaynla uzunmüddətli əlaqəsi olub və bu əlaqə Epstaynın 2008-ci ildə bir yeniyetməni aldadaraq istismar etməsi ilə bağlı məhkum edilməsindən sonra da davam edib. Onların arasında gedən e-poçt yazışmalarında qadınlar haqqında təhqiramiz ifadələr və seksual məzmunlu mesajlar yer alır.

Digər məktublar göstərir ki, Epstayn Səlimə İtaliyada eskort xidmətləri ilə bağlı bir link göndərib və Səlim cavabında “Əladır!” yazıb. Ayrı bir məktubda Səlim Epstayna başqa bir mesaj göndərərək müsəlman namazqılanlara zarafatla “terrorçu” deyə müraciət edib. O yazıb:

“Dostlarımdan biri Səudiyyə Ərəbistanında bir məscidə gedib və deyib ki, bu qədər terrorçunun arasında, düzünü desəm, yanınızda dayanan adamla əlində partlayıcı olan adam arasında fərq qoymaq mümkün deyil!”

Səlim BƏƏ-nin ən tanınmış iş adamlarından biridir və 2016-cı ildən bəri dünyanın müxtəlif ölkələrində liman və infrastruktur layihələrinə sərmayə qoyan “DP World” şirkətinin baş direktoru vəzifəsində çalışır. O, həmçinin 2007-ci ildən bu şirkətin idarə heyətinin sədridir.

4333616

captcha