“İQNA”-nın “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının “ən-Nəsr” futbol klubu bu gün – çərşənbə – braziliyalı futbolçu Katelin Souzanın İslam dinini qəbul etdiyini açıqlayıb. Bu hadisə klub daxilində geniş reaksiyaya səbəb olub.
“Ən-Nəsr” klubu komanda yoldaşlarının sevinc və təbrikləri ilə müşayiət olunan bu hadisəyə xüsusi diqqət göstərib və futbolçunun həyatındakı bu mühüm anı onunla birlikdə qeyd edib.
Klub X platformasındakı rəsmi hesabında Katelin Souzanın videosunu paylaşaraq yazıb: “Biz Katelin Souzanın İslama gəlməsini elan etməklə onun həyatındakı xüsusi bir anı onunla bölüşürük. Allahdan istəyirik ki, ona sabitlik, qəlbinə isə aramlıq və sülh bəxş etsin.”
Videoda beynəlxalq futbolçu göz yaşlarını saxlaya bilməyib və hisslərini belə ifadə edib: “Sadəcə doğru yolu tapmağa və özümün ən yaxşı versiyasına çevrilməyə çalışırdım, vəssalam.”
Ümrə ziyarəti
Braziliyalı yarımmüdafiəçi dünən şəxsi Instagram hesabında Məkkə səfəri və ümrə mərasimlərini yerinə yetirməsi ilə bağlı fotolar paylaşaraq yazıb: “Kiçik addımlar, doğru yolu tapmaq, dəyişiklik axtarışı, həyata görə minnətdarlıq.”
Qeyd edək ki, Souza hazırda “ən-Nəsr” qadınlar komandası ilə parlaq dövrünü yaşayır və yaxınlarda “ayın futbolçusu” seçilib.
Katelin Souza braziliyalı futbolçudur və mərkəz müdafiəçisi kimi İnternasional klubunda çıxış edib. 2024-cü ilin avqustunda o, Səudiyyə Ərəbistanının ən-Nəsr qadınlar komandası ilə iki mövsümlük müqavilə imzalayıb.
29 yaşlı Katelin Souza Braziliyanın San-Paulu ştatının San-Visente şəhərində anadan olub və Braziliya qadın milli futbol komandasında çıxış edir.
O, futbol karyerasına Braziliyada uşaqlıqdan başlayıb, qısa müddət Santos FC-nin gənclər komandasında oynayıb, daha sonra ABŞ-a köçərək Luisvill Universitetində və Mərkəzi Florida Universitetində təhsil alıb.
4335056