IQNA

Ayətullahül‑uzma Sistanı:

İran və Livana qarşı zalım müharibəni ən sərt ifadələrlə pisləyirik

15:52 - March 24, 2026
Xəbər sayı: 3499996
İQNA – Ayətullahül‑uzma Sistanı yayımladığı bəyanatda İran və Livana qarşı zalım müharibəni qınayaraq bütün müsəlmanları və dünyanın azad insanlarını bu müharibəni pisləməyə və bu iki məzlum xalqla həmrəylik göstərməyə çağırıb.

“İQNA”-nın məlumatına görə, İmam Hüseyn (ə) və Kazimeyn (ə) hərəmlərində qılınan Fitr bayramı namazının xütbələri zamanı Ayətullahül‑uzma Sistanının ofisi tərəfindən bölgə məsələlərinə dair yayımlanan bəyanat oxunub.

Bəyanatda böyük mərcəiyyətin mövqeyi belə təqdim olunur:

Bismillahir‑rəhmanir‑rəhim

Ey mömin qadınlar və kişilər, mübarək Ramazan ayının oruc, ibadət və bərəkət dolu günlərindən sonra rəhmət və bağışlanma bayramı olan Fitr bayramı bizə yetişmişdir. Bu gün ilahi mükafatların günüdür; Allahın mələkləri qarşısında sizlərlə fəxr etdiyi gündür. Allahdan istəyirəm ki, bu bayramı bizə, sizə və bütün İslam ümmətinə xeyir, bərəkət və sevinc ilə geri qaytarsın.

Ey əzizlər, bayram sevinc və şadlıq mənaları daşısa da, bu gün möminlərin qəlbi parçalanır; çünki din və insanlıq baxımından qardaş və bacılarımızın üzərinə hansı müsibətlərin gəldiyini görürük. Biz Allahın nemətlərinə görə təkbir gətirdiyimiz bir vaxtda, uşaqların fəryadı yüksəlir, anaların göz yaşları axır və İranla Livanda günahsız insanların evləri alova bürünür, hərbi təcavüz isə davam edir.

Biz bu zalım müharibəni ən sərt ifadələrlə pisləyirik və bütün müsəlmanları, həmçinin dünyanın azad insanlarını onu qınamağa və İranla Livanın məzlum xalqları ilə həmrəylik göstərməyə çağırırıq. Həmçinin bütün təsirli beynəlxalq tərəfləri və dünya ölkələrini, xüsusilə İslam ölkələrini bu müharibəni dayandırmaq üçün bütün səylərini göstərməyə dəvət edirik.

Ey Rəbbimiz, biz yalvararaq Sənin dərgahına üz tuturuq, Sən duaları eşidənsən.

İlahi, mömin qadın və kişiləri harada olsalar qoru, bəlaları onlardan uzaq et və onları haqq ətrafında birləşdir.

İlahi, torpaqlarını müdafiə edərkən canlarını fəda edən şəhidlərini Sənə əmanət edirik; onları peyğəmbərlər və siddiqlərlə birlikdə ən uca məqamlara yüksəlt.

İlahi, ailələrinə səbir və aramlıq ver, yaralılarını şəfa tapdır və əsirlərini azad et.

İlahi, hər yerdə əhli‑imanın yardımçısı ol və onları zalımlar üzərində qalib et.

Ey möminlər, iman yalnız etiqad və iqrar deyil; saleh əməl, mərhəmət və yardım da imanın tərkib hissəsidir. Bu ağır şəraitdə, əzab və ehtiyacların artdığı bir zamanda, dini və insani vəzifəmiz bizi müsibət görən qardaş və bacılarımıza yardım etməyə vadar edir.

Ali dini mərcəiyyət İranda və Livanda zərərçəkənlərin əzabını azaltmaq üçün şəri vəsaitlərin xərclənməsinə icazə vermişdir. Bu yardım etibarlı yollarla — mərcəiyyət ofisləri vasitəsilə — və ya ehtiyacı olan şəxslərə birbaşa çatdırılmalıdır.

Ey əzizlər, bayram Allahla əhdin yenilənməsi, bağışlama, qohumluq əlaqələrinin möhkəmləndirilməsi və kasıblara, ehtiyacı olanlara əl tutmaq üçün bir fürsətdir.

Qəlblərimiz ətrafımızda baş verənlərə görə qəmli olsa da, Allahın rəhməti genişdir, Onun fərəci yaxındır və əgər səbir edib təqvalı olsanız, Onun yardımı mütləq gələcəkdir.

4342257  

captcha