IQNA

İsrail Knesseti fələstinli məhbusların edamı ilə bağlı qanun layihəsini təsdiqlədi

16:57 - March 31, 2026
Xəbər sayı: 3500046
İQNA – Sionist rejimin parlamenti İsrail vətəndaşlarının həlak olması ilə nəticələnən hücumlarda ittiham olunan fələstinli məhbusların edamını mümkün edən qanun layihəsini çoxluq səsilə təsdiq edib.

“İQNA”-nın Fələstin “Şəhab” xəbər agentliyinə istinadən verdiyi məlumata əsasən, sionist rejimin parlamenti (Knesset) fələstinli məhbuslar üçün edam hökmünün icrasına imkan yaradan bir layihəni qəbul edib.

Bu mübahisəli layihənin Knessetdə təsdiqi ölkə daxilində və beynəlxalq səviyyədə geniş narahatlıq və reaksiyalara səbəb olub.

Layihə sionist rejimin ifratçı daxili təhlükəsizlik naziri İtamar Ben-Qvir tərəfindən irəli sürülüb.

Bu qanun layihəsi daha əvvəl Ben-Qvirin rəhbərlik etdiyi sağçı “Yəhudi Gücü” partiyası tərəfindən təqdim edilmiş və ötən ilin noyabrında ilkin oxunuşda təsdiqlənmişdi. Ötən həftə isə Knessetin Daxili Təhlükəsizlik Komitəsi müəyyən dəyişikliklərdən sonra layihəni yekun təsdiq üçün plenar iclasa göndərib.

Fələstin Məhbusları Araşdırma Mərkəzi bildirib ki, təxminən 220 məhbus bu qanunun icrası təhlükəsi ilə üz-üzədir; onların 118 nəfəri ömürlük və ya uzunmüddətli həbs cəzalarına məhkum olunub. Bu məhbusların əhəmiyyətli bir hissəsi Qəzza sakinləridir.

Bu addımdan sonra məhbuslarla bağlı qurumlar beynəlxalq ictimaiyyəti təcili müdaxiləyə çağırıb və məsələnin BMT-yə və insan haqları təşkilatlarına təqdim edildiyini açıqlayıblar.

Həmin qurumlar xəbərdarlıq ediblər ki, belə bir qanunun icrası ciddi və təhlükəli nəticələrə səbəb ola bilər və fələstinli məhbuslara qarşı təzyiqlərin ən yüksək nöqtəsini təşkil edir.

4343575

captcha