“İQNA”-nın “Şəhab” agentliyinə istinadən xəbər verir ki, Əl‑Əzhər Mərkəzi, çərşənbə günü yaydığı bəyanatda beynəlxalq ictimaiyyəti Tel-Əvivin fələstinlilərin qətlə yetirilməsinə qanuni don geyindirmək cəhdlərinin qarşısını almaq üçün dərhal hərəkətə keçməyə çağırıb.
Bu dini mərkəz bildirib ki, “beynəlxalq hüquq sisteminin çökməsi və onun sionist işğalçıların fələstinli əsir və saxlanılanlara qarşı edam cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini təsdiqləmək cəhdlərinə qarşı durmaqda aciz qalması bizi dərin təəssüf və narazılığa sürükləyir.”
Əl‑Əzhər vurğulayıb ki, bu cinayət bir daha bu işğalın qanlı simasını üzə çıxarır; elə bir işğal ki, mövcud cinayətləri ilə kifayətlənmir, əksinə, qətl və zorakılığı qanuniləşdirməyə, ona saxta və açıq hüquqi örtük verməyə çalışır.
İslam Əl‑Əzhər Mərkəzi işğalçılar tərəfindən fələstinlilərin qətlə yetirilməsinə qanuni əsas vermək məqsədi ilə atılan hər bir addımı və verilən hər bir qərarı qətiyyətlə rədd etdiyini bəyan edib.
Əl‑Əzhər bu qərarı işğalçıların qətlləri qanuniləşdirmək üçün göstərdiyi ümidsiz cəhddən başqa bir şey hesab etməyib və bildirib ki, bu cəhd heç bir halda bu cinayətin mahiyyətini dəyişmir; həmçinin bu qurumun vəhşiliyini, əxlaqi pozğunluğunu və bütün insani dəyərləri tapdaladığını göstərir.
Əl‑Əzhər beynəlxalq ictimaiyyəti və insan haqları təşkilatlarını bu addımlar qarşısında öz mənəvi və hüquqi məsuliyyətlərini yerinə yetirməyə çağırıb; çünki bu addımlar beynəlxalq qanun və normaları açıq şəkildə pozur.
Əl‑Əzhər bu qurumları dərhal və gecikmədən hərəkətə keçməyə, bu addımların qarşısını almağa, məsul şəxsləri cavabdeh etməyə və günahsız insanların bu ədalətsiz taledən xilas edilməsinə çağırıb.
Ben-Qvirin rəhbərlik etdiyi ifrat sağçı “Yəhudi Gücü” partiyası bu qanun layihəsinin mətnini təqdim edib və layihə ötən ilin noyabrında birinci oxunuşda səsverməyə çıxarılıb.
Sionist rejimin radio və televiziya təşkilatının məlumatına görə, ötən həftə Knessetin Daxili Təhlükəsizlik Komitəsi layihəni müəyyən dəyişikliklərdən sonra təsdiqləyib və dəyişikliklərin mahiyyətini açıqlamadan onu ikinci və üçüncü oxunuş üçün bazar ertəsi keçiriləcək səsverməyə göndərib.
Qanun layihəsi “irqi nifrət, düşmənçilik və ya [İsrailə] zərər vurmaq məqsədi ilə qəsdən və ya səhlənkarlıq nəticəsində bir sionist vətəndaşın ölümünə səbəb olan hər kəs üçün edam cəzasını” nəzərdə tutur.
4343684