
“İQNA”-nın “Roya Əl-Əxbariyyə”-yə istinadən verdiyi xəbərə görə, ABŞ-ın sağçı düşərgəsində dərinləşən parçalanmanı göstərən gərginlik fonunda jurnalist Taker Karlson öz proqramından istifadə edərək ABŞ prezidenti Donald Trampın sosial şəbəkələr vasitəsilə İrana qarşı son hücumunu sərt şəkildə tənqid edib və prezidentin çıxışını “şeytani” və “Pasxa bayramına hörmətsizlik” adlandırıb.
Bu qalmaqal 2026-cı il 5 aprel Pasxa səhəri Trampın TruthSocial-da hədə və sərt ifadələrlə dolu bir mesaj paylaşması ilə başlayıb.
Tramp həmin paylaşımda İranın infrastrukturunu vurmaqla hədələyib və bildirib ki, əgər Tehran dərhal Hörmüz boğazını açmasa, çərşənbə günü “elektrik stansiyaları və körpülər günü” olacaq.
Prezident paylaşımını “Şükürlər olsun Allaha” ifadəsi ilə bitirib ki, bu da siyasi spektr boyunca geniş çaşqınlıq və qəzəb yaradıb.
Karlson “Taker Karlson Şousu” adlı proqramında prezidentin dili və zamanlamasından açıq şəkildə narazılığını ifadə edib.
O, Trampa xitabən deyib: “Özünü kim hesab edirsən? Pasxa səhəri söyüş yazırsan? Mülki şəxsləri öldürməklə hədələyirsən və sonra heç bir izah vermədən ‘Şükür Allaha’ deyirsən? Sən cəhənnəmdə yaşayacaqsan. Gözlə görərsən. ‘Şükür Allaha’ — aydındır ki, İranın dinini məsxərəyə qoyursan.”
O əlavə edib: “Bütün dinlərin ən yüksək mesajı bizim müqəddəs kitabımızda da var: sən Tanrı deyilsən. Ancaq özünü Tanrı hesab edən adam belə danışar. Pasxa səhəri söyüşlü tvit atmaq, mülki şəxslərin öldürüləcəyini vəd etmək və sonra ‘Şükür Allaha’ demək — bunu dəstəkləyə bilmərik. Bu, şərdir.”
Karlson daha sonra deyib: “Heç bir prezident İslamı məsxərəyə qoymamalıdır; bu, sənin işin deyil.”
İrana qarşı müharibənin ən sərt tənqidçilərindən biri olan Karlson vurğulayıb ki, bu paylaşım təkcə diplomatik səhv deyil, həm də dini təhqir xarakteri daşıyır.
O bildirib:
“Başqalarının inancını məsxərəyə qoymaq, ümumiyyətlə iman anlayışını məsxərəyə qoymaq deməkdir. İman — dünyanın bizim nəzarətimizdə olmadığını qəbul etməkdir. Biz Tanrı deyilik. Yalnız özünü Tanrı hesab edən biri belə sözlər deyə bilər.”
4344939