“İQNA”-nın Naxçıvandan verdiyi xəbərə görə, Ali Rəhbər, həzrət Ayətullah Seyyid Əli Xameneinin şəhadətinin qırxıncı günü, həmçinin Minab “Şəcərə Təyyibə” ibtidai məktəbinin şəhid şagirdlərinin xatirəsinə həsr olunmuş mərasim 10 aprel, cümə günü yerli vaxtla saat 15-dən 18-dək Naxçıvan şəhərinin Heydər məscidində təşkil olunub.
Bu tədbirə Naxçıvan Muxtar Respublikasının müxtəlif məscidlərinin alimləri və imam-camaatları qatılıb, Qurani-Kərim tilavət edərək Ramazan müharibəsində şəhid olan bütün vətən övladları, xüsusilə də şəhid Rəhbər, həzrət Ayətullah Xamenei üçün rəhmət və məğfirət diləyiblər.
Mərasim qadınlar və kişilər üçün eyni vaxtda, lakin ayrı-ayrı bölmələrdə keçirilib və Naxçıvan Muxtar Respublikasının Dini İşlər İdarəsi tərəfindən ehsan süfrəsi ilə müşayiət olunub.
Tədbirdə ölkəmizin Naxçıvandakı baş konsulu Əziz Mənsuri və konsulluq əməkdaşları ilə yanaşı, bu respublikanın yüksək vəzifəli şəxsləri – Naxçıvanın Baş naziri Cəbar Musayev, Xarici İşlər Nazirliyinin idarə rəisi Vüsal Əliəkbərli, Dini alimlərin rəhbəri Əli Əruc, Dini İşlər İdarəsinin rəhbəri Vüqar Babayev və Muxtar Respublikanın Ali Məclisinin 6 üzvü iştirak ediblər.
Həmçinin Türkiyənin Naxçıvandakı baş konsulluğunun nümayəndələri, bir qrup Naxçıvan sakini, eləcə də bu respublikada yaşayan iranlılar və iranlı tələbələr də mərasimdə iştirak edən qonaqlar arasında olublar.
Mərasimdə çıxış edən ölkəmizin Naxçıvandakı baş konsulu Əziz Mənsuri Ali Rəhbərin şəhadətinin ərbəini, vətən şəhidlərini və Minab məktəbinin şəhid şagirdlərini yad edərək deyib:
“Biz bu nurani məclisdə öz əziz şəhidlərimizin xatirəsini yaşatmaq üçün toplaşmışıq. Ərbəin – İran İslam mədəniyyətində əhdin yenilənməsidir. Şəhidin qanı ilə bağlanan əhd, haqq yoluna sədaqət və onların bizə əmanət qoyduğu məsuliyyəti qorumaq əhdidir.”
O əlavə edib: “Ali Rəhbərin şəhadəti İslam ümmətinin qəlbində dərin bir yara açdı. O, yalnız siyasi lider deyildi; bizim üçün mənəvi sığınacaq və ruhani mürşid idi. Sarsılmaz iman və misilsiz cəsarətlə düşmənlərin qarşısında dağ kimi dayanmış və həqiqət uğrunda canını fəda etmişdi. Onun pak qanı Kərbəla şəhidlərinin qanı kimi bəşəriyyət üçün hidayət çırağı oldu.”
Mənsuri bildirib: “Ali Rəhbər heç vaxt zülm qarşısında susmadı. O, ömrü boyu ədaləti müdafiə etdi və harada bir məzlumun haqqı tapdanırdısa, onun qarşısında dururdu. Fələstində də, Azərbaycanın Qarabağında da işğalı qəbul etmədi. O, məzlumların səsi idi. Bu gün onun şəhadətinin mesajı bütün azad insanlara çatıb və beynəlxalq sistemdə baş verən dəyişikliklər bu böyük liderin rolunu göstərir.”
Baş konsul çıxışının sonunda Azərbaycan Respublikasına, xüsusilə də Naxçıvan Muxtar Respublikasının xalqına və rəsmilərinə çətin günlərdə göstərdikləri həmrəylik üçün təşəkkür edib və Prezident İlham Əliyevin göstərişi ilə İrana göndərilən üç mərhələ humanitar yardımın iki ölkə münasibətlərində unudulmaz bir səhifə kimi qalacağını vurğulayıb.
Mərasim zamanı Naxçıvanın Baş naziri Cəbar Musayev də çıxış edərək bildirib ki, Naxçıvan hava limanı İranın Naxçıvana yaxın əyalətlərinə humanitar yardım göndərilməsini asanlaşdırmaq üçün tam hazırdır.
Bu mərasim duyğu və təsirlə dolu anlarla müşayiət olundu. Mərasimin yaddaqalan anı, Naxçıvandakı İran Baş Konsulluğunun əməkdaşlarından birinin övladı tərəfindən Azərbaycan dilində şeir oxunması idi. Bu şeir Minab məktəbinin şəhid uşaqları haqqında həmin konsulluq əməkdaşlarından biri tərəfindən yazılmışdı və balaca bir uşağın səsi ilə səsləndirilməsi məclisə dərin mənəviyyat və duyğu qatdı, iştirakçıları göz yaşına boğdu.
Şeirin məzmunu belə idi ki, Minab məktəbinin şəhid şagirdlərindən biri – baharın və Novruz bayramının astanasında səmaya yüksəlmiş bir uşaq – anası ilə dərdini bölüşür.
Bundan sonra Minab məktəbinin şəhidlərinə həsr olunmuş növhə oxunuşu və Ali Rəhbərin şəhadəti mövzusunda videokliplərin nümayişi də mərasimin proqramı arasında yer aldı.
4345698