“İQNA”-nın Leadershipə istinadən verdiyi xəbərə görə, FIFA İspaniyada keçirilən bir qarşılaşmada eşidilən anti‑islam şüarlarına görə ölkənin futbol federasiyasına qarşı rəsmi araşdırma başladığını açıqlayıb.
31 mart tarixində Barselonadakı RCDE stadionunda keçirilən bu oyunda azarkeşlərin bir hissəsi “Kim tullanmasa, müsəlmandır” kimi təhqiramiz şüarlar səsləndirib.
FIFA-nın rəhbər orqanı Frans Press agentliyinə bildirib: “FIFA bu gün Misirə qarşı keçirilmiş yoldaşlıq oyununda baş verən hadisələrə görə İspaniya Futbol Federasiyasına qarşı intizam prosesinə start verib.”
Bu hadisə son illərdə İspaniya futbolunu kölgədə qoyan oxşar irqçi davranışların davamı kimi qiymətləndirilir. Daha əvvəl də Real Madridin braziliyalı hücumçusu Vinisius Junior dəfələrlə irqçi təhqirlərə məruz qalmışdı.
Ötən həftə İspaniya polisi islamofob və ksenofob şüarlarla bağlı araşdırma apardığını açıqlayıb. Baş nazir Pedro Sançes isə bu hadisəni “qəbuledilməz” adlandıraraq pisləyib və vurğulayıb ki, “azsaylı cahil insanlar ölkənin adını ləkələyə bilməz”.
İspaniya Futbol Federasiyası da bu şüarları qınayıb. Digər tərəfdən, həmin oyunda iştirak edən və müsəlman olan İspaniya millisinin hücumçusu Lamin Yamal bildirib ki, “cahil və irqçi” insanların hörmətsizliyini qətiyyətlə pisləyir.
Bundan əvvəl Real Madrid klubunun direktoru Alfaro Arbeloa İspaniya–Misir yoldaşlıq oyunundakı anti‑islam şüarlarına münasibət bildirərək demişdi ki, İspaniyanı irqçi ölkə kimi təsvir etmək doğru deyil və bu cür hadisələr bütöv bir cəmiyyətə şamil edilə bilməz.
Atletiko Madridin baş məşqçisi Dieqo Simeone də məsələyə münasibət bildirərək qeyd edib ki, bu problem təkcə bir ölkə ilə məhdudlaşmır, sosial və qlobal bir fenomendir və İspaniya, Argentina, Braziliya kimi bir çox ölkəni əhatə edir.
O, xüsusilə ailələrdə, təhsil müəssisələrində və idman meydanlarında hörmət mədəniyyətinə qayıdışın vacibliyini vurğulayıb.
4348200