IQNA

Nəcəf müshəfinə Ayətullahül-uzma Sistaninin xatirə yazısı

11:16 - May 04, 2026
Xəbər sayı: 3500275
İQNA – İraq şiələrinin mərcəyi-təqlidi Ayətullahül-uzma Seyid Əli Sistani müqəddəs Həzrət Abbas (ə) hərəminin Nəcəf müshəfinin ilk nəşrini təqdim etməsi münasibətilə bir mesaj göndərərək bu münasibəti təbrik edib və həmin müshəfə xatirə yazısı yazıb.

İQNA-nın əl-Kəfilə istinadən verdiyi məlumata görə, bu xatirə yazısının mətni belədir:

Bismillahir-Rahmənir-Rahim

Həmd olsun aləmlərin Rəbbinə və salavat olsun Onun yaratdıqlarının ən xeyirlisinə – Məhəmmədə və onun pak, təmiz Əhli-beytinə.

Nəcəfül-əşrəf müshəfini – Qurani-Kərimin bu mübarək nüsxəsini – mütaliə etmək şərəfinə nail oldum; uca Allahın böyük kitabını ki, onu insanlar üçün nur, hidayət və aydınlıq olaraq Öz Peyğəmbərinə – Məhəmməd Mustafaya (s) nazil etmişdir və onu təhrifdən, artırılıb‑azaldılmadan qorumuşdur ki, Qiyamət gününə qədər qəti dəlil və hidayət çırağı olaraq qalsın.

Həzrət Əmirəl‑möminin Əli ibn Əbi Talibin (ə) bu kitab haqqında buyurduğu kimi: “Bilin ki, bu Quran elə bir nəsihətçidir ki, heç vaxt xəyanət etməz (aldatmaz); elə bir hidayətçidir ki, heç vaxt azdırmaz; elə bir danışandır ki, heç vaxt yalan söyləməz. Çünki kim Quranla ünsiyyətdə olsa, onun yanından qalxmaz, məgər ki, hidayəti artmış və korluq‑kordəliyi azalmış olsun.” Uca və müqəddəs Allahdan diləyirəm ki, bizlərin hamısına onun tilavətində, ayələri üzərində təfəkkürdə, nəsihətlərindən ibrət almaqda və hökmlərinə əməl etməkdə müvəffəqiyyət nəsib etsin. Çünki müvəffəq edən yalnız Odur.

Bu mətn mübarək Ramazan ayının 1446-cı il hicri-qəməri təqvimi üzrə 23-cü gecəsində qələmə alınmışdır.

Əli əl-Hüseyni əs-Sistani

Qeyd edək ki, Nəcəf Müshəfi müqəddəs Abbasi hərəminin nəşr etdiyi Quran nüsxələrindən biridir və onun ilk çapı bu gün – çərşənbə, 29 aprel – Nəcəfdəki Ələvi Kompleksinin salonunda təqdim olunub.

Bu Quranın ilk nəşri Abbasi hərəminə bağlı Darül-Kəfil çap və nəşr mərkəzində həyata keçirilib.

4349504

captcha