“İQNA”-nın “Arabi21”-ə istinadən verdiyi xəbərə görə, təşkilat açıqlayıb ki, Kəmal Ədvan xəstəxanasının direktoru və Qəzza zolağında dağıdılmış səhiyyə sektorunun ən tanınmış simalarından biri olan Hüsam Əbu Safiyyə 27 dekabr 2024‑cü ildə İsrail qüvvələri tərəfindən həbs edildiyi gündən bəri 500 gündür heç bir ittiham və məhkəmə olmadan özbaşına saxlanılır.
Təşkilat X platformasında paylaşdığı məlumatda qeyd edib ki, həkim Əbu Safiyyənin ittihamsız və məhkəməsiz davam edən həbsdə saxlanılması, ona qarşı son dərəcə qeyri‑insani rəftarın tətbiqi İsrailin Qəzza zolağındakı səhiyyə sektorunu sistematik şəkildə hədəf aldığını göstərir.
Beynəlxalq Əfv təşkilatı dünya liderlərini dərhal hərəkətə keçməyə və İsrailə təzyiq göstərməyə çağırıb ki, həkim Əbu Safiyyəni və ittiham irəli sürülmədən, istər “inzibati həbs”, istərsə də “qanunsuz döyüşçülər” qanunu çərçivəsində saxlanılan digər fələstinliləri azad etsin.
Təşkilat həmçinin özbaşına həbs olunan bütün fələstinlilərlə həmrəy olduğunu vurğulayıb.
Bundan əvvəl “Əhməd Qəddas” adlı azad edilmiş fələstinli əsir həkim Hüsam Əbu Safiyyənin fiziki və insani vəziyyəti barədə sarsıdıcı detalları açıqlamış və İsrail həbsxanalarında ona qarşı davamlı və ağır işgəncələrin tətbiq olunduğunu bildirmişdi.
Onun sözlərinə görə, Əbu Safiyyənin səhhəti kəskin şəkildə pisləşib, işgəncə və pis rəftarın izləri onun üzündə və bədənində açıq‑aydın görünür; elə ki, ilk baxışda tanınmaz vəziyyətdə olub.
Qəddas əlavə edib ki, əsir həkim həm fiziki, həm də psixoloji baxımdan ciddi tükənmə yaşayır və çox vaxt donuq, gücsüz vəziyyətdə olur. O bildirib ki, Əbu Safiyyə zəif və anlaşılmaz səslə sözlər pıçıldayır ki, bu da ona vurulan ağır zərbələrin göstəricisidir.
4351855