“İQNA”-nın məlumatına görə, “New York Times” yazır: Trampın İrana qarşı hücumlarını təxirə salmasının əsas səbəbi ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) İranın hava hücumundan müdafiə sistemindəki ciddi güclənmə və modernləşmə barədə verdiyi xəbərdarlıq olub.
Məlumata əsasən, Pentaqonun yüksək vəzifəli rəsmiləri Trampa bildiriblər ki, İran qırıcıların aşkarlanması və izlənməsi qabiliyyətini kəskin şəkildə artırıb və öz hava müdafiə şəbəkələrini gücləndirib.
Tramp bazar ertəsi bildirib ki, bu həftə İran əleyhinə yeni hücum dalğasına icazə verib, lakin “ciddi danışıqlar” üçün şərait yaratmaq məqsədilə onu dayandırıb.
O iddia edib ki, Körfəz bölgəsinin üç lideri ondan nüvə sazişinə nail olmaq üçün daha çox vaxt istəyiblər. Qəzet yazır ki, Tramp dəfələrlə hücumları bərpa etməklə hədələsə də, hər dəfə son anda geri çəkilib və ABŞ-ı birbaşa arzuolunmaz və baha başa gələn bir müharibəyə sürükləməkdən yayınmış olub.
New York Times bu barədə yazır ki, Tramp bazar ertəsi həm hücum planını təsdiqləyib, həm də eyni anda onu ləğv edib. Tramp jurnalistlərə deyib: “Sabah çox böyük bir hücuma hazırlaşırdıq və mən onu qısa müddətlik təxirə saldım — bəlkə də ümid edirəm ki, həmişəlik, amma yəqin ki, qısa müddətlik — çünki İranla çox böyük danışıqlar aparmışıq və görək hara çatır.”
Amerika mediası əlavə edir: Tramp 28 fevralda (9 əsfənd) İsrailin yanında bu müharibəni başladanda, onun dörd–beş həftə ərzində bitəcəyini təxmin edirdi. İndi isə münaqişə üçüncü ayına daxil olub və Tramp iki ziddiyyətli motivasiya arasında sıxışıb: İranı təslim olmağa məcbur etmək, yoxsa “qələbə” elan edib mövzunu bağlamaq.
4353028