IQNA

Qurani-Kərimi amazic dilinə ilk dəfə tərcümə edən şəxs vəfat edib

11:35 - June 02, 2026
Xəbər sayı: 3500458
İQNA – Əlcəzairin tanınmış alimi, tədqiqatçısı və müfəssiri, Qurani-Kərimi amazic dilinə ilk dəfə tərcümə edən Si Hac Məhənd Tayyib dünən 92 yaşında vəfat edib.

“İQNA”-nın "Əş-Şuruq"-a istinadən verdiyi xəbərə görə, Qurani-Kərimin görkəmli alimi və müfəssiri Şeyx Si Hac Məhənd Tayyib, may ayının 30-da Əlcəzairin Tizi Uzu vilayətində 92 yaşında dünyasını dəyişib.

Əlcəzairin Dini İşlər və Vəqflər naziri Yusif Bəlmehdi, mərhumun ailəsinə göndərdiyi başsağlığı mesajında deyib: “Onun vəfatı ilə Əlcəzair öz görkəmli simalarından birini – ömrünü dinə və elmə xidmətə həsr etmiş bənzərsiz bir insanı itirdi”.

Əlcəzairin Dini İşlər naziri, həmçinin mərhum alimi ömrünü təlim, hidayət və Qurani-Kərimin mənalarının yayılmasına həsr etmiş imam, tərbiyəçi və müəllim kimi təsvir edərək bildirib: “O, bütün Quranı amazic dilinə tərcümə etmək şərəfinə nail olmuşdu”.

Nazir əlavə edib: “Bu böyük fəlakət qarşısında mən yalnız onun ailəsinə, şagirdlərinə və yaxınlarına ən səmimi başsağlığımı və qəlbi həmdərdimimi bildirə bilərəm”.

Mərhum alim Qurani-Kərimi amazic dilinə tərcümə edən ilk şəxs olub və onun tərcüməsi Mədinədəki Padşah Fəhdin Quran Çap Kompleksi tərəfindən təsdiq edilib. Həmçinin Səudiyyə Ərəbistanı bu Əlcəzairli mütəfəkkirin Quran təlimlərinin həyata keçirilməsi və Quranı amazic dilinə tərcümə etmək sahəsindəki fəaliyyətini qiymətləndirərək onu ölkəsinin xüsusi mükafatına layiq görmüşdü.

 

درگذشت نخستین مترجم قرآن به زبان آمازیغی

O, yeddi il ərzində ciddi və səssizcə apardığı işdən sonra Qurani-Kərim tərcüməsi üzrə böyük əməyini yekunlaşdırdı və böyük nailiyyətini ərəb əlifbası ilə təqdim edərək qəti sübutlarla ərəb xəttinin amazic dilini yazmaq üçün hər hansı digər xətdən daha uyğun olduğunu təsdiqlədi.

Tayyib 1934-cü ildə Əlcəzairin Tizi Uzu vilayətinin "İfraḥunun" şəhərində anadan olub. Uşaqlıq dövründə Quran əzbərləmək üçün zəviyyəyə (Əlcəzairdə Quran əzbərləməsinin ənənəvi tədris edildiyi məktəblər) gedib. Zəviyyədə ona ayələri anlamaqda kömək edən bəzi ərəbcə sözlərlə tanış olub və 1948-ci ildə daha çox dərs öyrənmək üçün "Bəcayə" vilayətinə gedib.

Bu Əlcəzairli Quran tərcüməçisi və müfəssiri 1953-cü ildə Əlcəzairin Qüstantinə (Konstantin) şəhərindəki "İbn Badis" məktəbinə gedib və Əlcəzairin milli təhsil şöbəsində müəllim və müfəttiş kimi çalışıb. Bir müddət sonra Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan inqilaba (1954-1962-ci illər) qoşulub və bu səbəbdən 1958-ci ildə həbs cəzasına məhkum olunub. Ölkəsi 1962-ci ildə müstəqillik əldə edənə qədər həbsdə qalıb.

Həbsdə olduğu dövrdə də Quranı dərk etmək yolundan ayrılmayıb. O, həmçinin universitetdə ərəb ədəbiyyatı ixtisası üzrə təhsilini davam etdirib, 1966-cı ildə məzun olub və bundan sonra Tizi Uzu Universitetində dosent də daxil olmaqla bir neçə vəzifədə çalışıb, 1985-ci ildə isə müsəlman azlıqların işləri üzrə müfəttiş kimi Fransaya gedib və dörd il bu vəzifədə qalıb.

Qeyd: Amazic dili əsasən Afrika qitəsinin xalqları tərəfindən danışılır; bu dilin kökü Afrika-Asiya dil ailəsinə gedib çıxır və bu dildə danışanların çoxu Əlcəzairdə yaşayır.

4355221

Teqlər: əlcəzair ، quran ، tərcümə ، vəfat
captcha