IQNA

Türkiyə sionistlərin Məscidül-Əqsaya basqınını pislədi

11:56 - June 02, 2026
Xəbər sayı: 3500461
İQNA – Türkiyənin Xarici İşlər Nazirliyi ifratçı sionistlərin Məscidül-Əqsaya basqınını və bu müqəddəs məkanın hörmətinin pozulmasını pisləyib.

“İQNA”-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, Türkiyənin Xarici İşlər Nazirliyi yaydığı bəyanatla ifratçı sionistlərin Məscidül-Əqsaya basqınını şiddətlə pisləyib və bunu beynəlxalq hüququn açıq şəkildə pozulması elan edib.

Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir: "İsrail təhlükəsizlik qüvvələrinin himayəsi altında ifratçı İsrail qruplarının Məscidül-Əqsaya basqınını və bununla bağlı təxribatçı hərəkətləri ən sərt ifadələrlə pisləyirik."

Bəyanatda vurğulanıb: "Müqəddəs Qüdsün, xüsusilə də Məscidül-Əqsanın tarixi və hüquqi statusunu zəiflətmək məqsədi daşıyan bu tədbirlər beynəlxalq hüququn açıq pozuntusudur və regionda qeyri-sabitliyin güclənməsinə səbəb ola bilər."

Türkiyənin Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti bu tədbirləri dayandırmaq üçün Tel-Əvivə təzyiqi artırmağa çağırıb.

Sionist rejim son illərdə Şərqi Qüdsün, o cümlədən Məscidül-Əqsanın yəhudiləşdirilməsi və bu şəhərin ərəb-İslam kimliyinin silinməsi üçün tədbirlərini gücləndirib.

Beynəlxalq qətnamələr vurğulayır ki, Şərqi Qüds müstəqil Fələstin dövlətinin paytaxtı olmalıdır. Bu qətnamələr sionist rejimin 1967-ci ildə bu şəhəri işğal etməsini və 1980-ci ildə ilhaq etməsini tanımır.

4355634

captcha