“İQNA”-nın "Şarja 24"-ə istinadən verdiyi məlumata görə, Şarcə İslam İşləri İdarəsi dini infrastrukturun inkişafı və əmirliyin artan əhalisinin ehtiyaclarını qarşılamaq məqsədilə Əl-Qatinə 1 bölgəsində "Səlsəbil" məscidini istifadəyə verib. Fatimi İslam memarlığı üslubunda tikilən bu məscid 400 nəfərlik ibadət tutumuna malikdir və tam xidməti-məişət imkanları ilə təchiz olunub.
Məscidin açılış mərasimi Şarcə İslam İşləri İdarəsinin sədri İsa Seyf Əhməd bin Hənzəlin rəhbərliyi ilə yerli rəsmilərin iştirakı ilə keçirilib. Qurumun rəsmiləri vurğulayıblar ki, məscidlərin tikintisi və inkişafı, bu qurumun məscidlərin vətəndaşların ictimai və dini həyatındakı rolunu gücləndirmək üçün davam edən strategiyasının bir hissəsidir.
"Səlsəbil" məscidi Fatimi İslam memarlığından ilham alınaraq layihələndirilib və orada İslam incəsənətinin orijinallığı ilə cəmiyyətin müasir tələbatlarının birləşdirilməsinə çalışılıb. 400 nəfərlik, o cümlədən qadınlar üçün nəzərdə tutulmuş 50 nəfərlik bölməsi ilə bu məscid bölgənin yeni ibadət mərkəzlərindən biri hesab olunur.
Bu kompleks ibadət edənlər üçün əlverişli şəraitin yaradılması məqsədilə dəstəmazxana, sanitar qovşaqlar, avtodayanacaq və imam üçün yaşayış yeri kimi çoxsaylı xidməti imkanlarla təchiz edilib.
"Səlsəbil" məscidinin diqqətçəkən xüsusiyyətlərindən biri hündürlüyü 30 metrdən çox olan minarəsidir ki, bu da dini tikiliyə xüsusi görkəm verir və onu bölgənin memarlıq nişanələrindən birinə çevirir.
Layihə rəsmiləri bildiriblər ki, məscidin tikintisi təhlükəsizlik prinsiplərinə, keyfiyyət və davamlılıq tələblərinə riayət edilməklə, müasir mühəndislik standartları əsasında həyata keçirilib ki, ibadət edənlər üçün təhlükəsiz və rahat mühit təmin edilsin.
Mərasim zamanı tikinti və abadlıq işlərinin maliyyələşdirilməsində iştirakına görə "Beyt əş-Şarja" xeyriyyə təşkilatına təşəkkür edilib. Həmçinin layihənin vaxtında və texniki şərtlərə uyğun icrasına görə məsləhətçilər və podratçılar mükafatlandırılıb.
4357589