“İQNA”-nın "əl-Eyn"ə istinadən məlumatına görə, Kəbə örtüyünün dəyişdirilməsi mərasimi dünən gecə Səudiyyə rəsmiləri və zəvvarların iştirakı ilə Məhərrəm ayının birinci gecəsi keçirildi. Köhnə örtük Kəbədən götürüldü və yeni örtük divarlara yerləşdirildi.
Keçmişdə Kəbənin örtüyü həcc mövsümündə, xüsusən də Zil-hiccə ayının 9-u səhər, zəvvarlar Ərəfat dağına getdikdən sonra dəyişdirilirdi ki, ertəsi gün səhər namazı qılanlar üçün Qurban bayramına hazır olsun.
Lakin 4 il əvvəl Səudiyyə Ərəbistanının İki Müqəddəs Məscidin İşləri üzrə Baş İdarəsi bu ənənənin dəyişdirildiyini və bundan sonra bu illik mərasimin hicri-qəməri təqvimi ilə ilin ilk günü olan Məhərrəm ayının əvvəlində keçiriləcəyini elan etdi.
Məkkədə işa namazından sonra keçirilən və təxminən 4 saat davam edən mərasimdə köhnə örtük yığıldı. Həmin örtüyün Məscidül-Həramın muzeylərinə və saxlanc mərkəzlərinə köçürülməsi, bir hissəsinin isə Səudiyyə padşahına verilməsi nəzərdə tutulub.
Mütəxəssis heyət bir neçə mərhələdə əvvəlcə köhnə örtüyü söküb endirdi, daha sonra isə yeni örtüyü quraşdırdı. Kəbənin örtüyü 53 qızılı hissədən ibarətdir: orta qurşaqda 16 hissə, aşağı hissədə 7 parça, yuxarı bəzəklərdə 4 hissə, qəndillər (zəng formalı bəzəklər) bölməsində 17 hissə, qapıları örtmək üçün 5 hissə, Yəmən rüknünü örtmək üçün 1 hissə, 2 kənar hissə və həmçinin damdan gələn yağış novunu bəzəyən bir hissə.
4358691