“İQNA”-nın məlumatına görə, Ərəb Dövlətləri Liqasının sabiq baş katibi Əmr Musa ABŞ və İsrail işğalçıları ilə müharibə zamanı İranın göstərdiyi "ağıllı dözümlülüyü" yüksək qiymətləndirərək bildirib: "Regionda dəyişiklik prosesi başlayıb".
Əmr Musa "X" platformasında paylaşdığı yazıda qeyd edib: "ABŞ ilə İran arasında anlaşmaya nail olunması mühüm bir hadisədir və bu, dəstəklənməlidir. Çünki bu, Fələstin məsələsi də daxil olmaqla, digər mühüm razılaşmalar üçün bir başlanğıc nöqtəsidir".
Sabiq baş katibin fikrincə, "İranın ağıllı müqaviməti" yalnız fələstinlilərin İsrailin təcavüzü və işğalı qarşısında göstərdikləri uzunmüddətli dözümlülüklə müqayisə edilə bilər; hətta şərait fərqli olduğu üçün istifadə olunan vasitələr də fərqlənsə belə.
O, əlavə edib: "İnanıram ki, regionda dəyişiklik başlayıb və yaxın gələcəkdə digər mürəkkəb məsələlər də nəzərdən keçiriləcək".
Əmr Musa mesajının davamında yazıb: "Təklif edirəm ki, bu məsələ Prezident Trampla görüşdə, yeni Yaxın Şərqin formalaşdırılması ilə bağlı müzakirələr çərçivəsində qaldırılsın".
O vurğulayıb: "Fələstin məsələsi münasibətlərin normallaşdırılması ilə bağlı deyil, daha çox Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu həyata keçirməyə təşviq edilməsi ilə bağlıdır".
Bununla yanaşı, Ərəb Liqasının sabiq baş katibi mesajının başqa bir hissəsində beynəlxalq hüquq və BMT-nin müvafiq qətnamələri çərçivəsində "İsrailin mövcudluğunun tanınmasının" zəruriliyini iddia edib.
Əmr Musa izah edib: "Bu, Fələstin Muxtariyyətindən tələb edir ki, konstruktiv və effektiv bir siyasi prosesi başlatmaq, diqqəti yenidən Fələstin davasına yönəltmək, öz müqəddəratını təyinetmə hüququnun mərkəziliyini vurğulamaq və bu məsələnin gələcək regional hesablamalardan kənarda qalmasının qarşısını almaq üçün bu il mümkün qədər tez parlament və prezident seçkiləri keçirmək barədə qərar qəbul etsin".
4358955