IQNA

Fələstin Pravoslav Kilsəsi sionist rejim tərəfindən torpaqların işğal edilməsini pislədi

9:57 - June 20, 2026
Xəbər sayı: 3500578
İQNA – Fələstin Pravoslav Kilsəsinin baş yepiskopu bəyanat yayaraq, sionist rejimin Qüdsdə kilsəyə məxsus torpağı işğal etməsini pisləyib.

“İQNA”-nın "Ərəbi 21"-ə istinadən verdiyi məlumata görə, Qüdsdəki Fələstin Pravoslav Kilsəsinin yepiskopu sionist rejiminin Şərqi Qüdsdə kilsəyə aid bir torpaq sahəsini "qeyri-qanuni şəkildə ələ keçirməsinə" etiraz olaraq bəyanat yayıb.

Fələstin Pravoslav Kilsəsi bu bəyanatda elan edib: "15 iyun 2026-cı il tarixində Silvanda kilsənin torpağına edilən hücum, kilsə nümayəndəsinin qovulması, ərazidəki avadanlıqların müsadirə edilməsi, ağacların kökündən çıxarılması və torpağın ətrafına çəpər çəkilməsi Qüdsün mərkəzində kilsə əmlakının qeyri-qanuni müsadirə edilməsi hesab olunur."

Bəyanatda vurğulanıb ki, Silvanda baş verənlər xristianların Qüdsdəki real varlığını zəiflətmək məqsədi daşıyan hücumların gücləndirilməsi istiqamətində atılmış addımdır.

Bu hadisə ilə bağlı Qüds bələdiyyə sədrinin müavini Aryeh Kinq öz Facebook hesabında iddia edib ki, bələdiyyə İsrail polisi ilə birlikdə bu torpağı icazəsiz zəbt edən şəxsi oradan çıxarmaq üçün tədbir görüb.

Kinq sözlərinə davam edərək bildirib: "Tezliklə bərpa işlərinə başlanılacaq və işlər başa çatdıqdan sonra bu sahə 'Davud şəhəri' milli parkı çərçivəsində ictimaiyyət üçün açılacaq." O, sonradan "Frans Press" agentliyinə verdiyi açıqlamada bu torpaq sahəsinin bir küçənin tikintisi üçün nəzərdə tutulduğunu bildirib.

Bununla əlaqədar olaraq, "Human Rights Watch" təşkilatı bir bəyanat yayaraq, sionist rejiminin işğal altındakı Qüdsün Silvan məhəlləsində fələstinlilərin evlərini dağıtmaq üçün atdığı addımları tənqid edib və bunu "müharibə cinayəti" adlandırıb. Təşkilat dünya dövlətlərini bu məsələyə qarşı konkret və təcili addımlar atmağa çağırıb.

4359057

captcha