IQNA

Əfqan xanımın bütün Quranı xəttatlıqla köçürmək əzmi

13:22 - June 22, 2026
Xəbər sayı: 3500588
İQNA – Əfqanıstanın Herat şəhərində anadan olan Nikita Durrani məhdudiyyətlərə baxmayaraq, Quranı xəttatlıqla köçürməyə başlayıb.

"İQNA"nın "Şəfəq News"a istinadən verdiyi məlumata görə, Əfqanıstanın Herat şəhərinin bir küncündə, "Qalai İxtiyarəddin" kimi tanınan tarixi qalada bir qrup qadın öz sənət əsərləri ilə məşğuldur. Onların ətrafında zərif və gözəl saxsı məmulatlarından nümunələr var və məkanın girişində "Xetin Zər" (Saxsı qızıl) adlı sərginin lövhəsi vurulub.

Sərginin adı bu reallığı əks etdirir ki, bu gənc qadınlar Taliban hökuməti tərəfindən qoyulan məhdudiyyətlərə baxmayaraq, əl işləri vasitəsilə palçığı qızıla çevirməyə çalışırlar.

Bu qrupun mərkəzində digərlərindən fərqli bir görünüşə sahib olan və daha böyük qayğıları olan gənc bir xanım əyləşib. Onun qarşısında Quran ayələri yazılmış səhifələr görünür, yanındakı masanın üstündə isə onlarla böyük vərəq və xəttatlıq alətləri var.

Heratda doğulub boya-başa çatan Nikita Durrani deyir: "Mən xəttatlıqla məşğulam və hazırda Quranı puştu tərcüməsi ilə birlikdə əllə yazıram".

Durrani artıq Quranın müxtəlif cüzlərini böyük kağız vərəqlərində yazıb bitirib və hər gün bir neçə saatını bu işə həsr edir.

Bu heratlı xanım əlavə edir: "Əvvəllər biz Quranı kollektiv şəkildə köçürürdük, lakin indi mən bunu təkbaşına, puştu dilindəki tərcümə ilə edirəm və bu, həyatdakı ən böyük arzumdur".

O qeyd edir ki, ərəb xəttatlığının Heratda dərin kökləri var və məhz bu, illər əvvəl onu bu sənəti öyrənməyə təşviq edib.

Durrani deyir: "10 il əvvəl, cəmi 15 yaşım olanda Quranı əllə yazmağı öyrəndim. Müəllimim Heratın məşhur xəttatı Mir Vəli Əhməd idi və bu bacarığı mənə o öyrətdi".

Heratın əksər məktəblərində dari dili tədris olunsa da, Durrani puştu ədəbiyyatını öyrənməyə vaxt ayırıb ki, bu da indi ona Quranın puştu tərcüməsini yazmaqda kömək edir.

Heratda xəttatlıq sənəti min ildən çox tarixə malikdir və Teymurilər dövründə çiçəklənib. Bu, şəhərin köklü sənətlərindən biri olaraq qalır və bir sıra mahir xəttatlar tərəfindən qorunub saxlanılır. Herat Xəttatlar Cəmiyyəti bu sənətkarların toplaşdığı mərkəz və yeni nəsilləri bu sənəti öyrənməyə təşviq edən bir məkan kimi fəaliyyət göstərir.

25 yaşlı Nikita üçün bu iş, Əfqanıstanda bir çox qızın məhdudiyyətlərlə üzləşdiyi, orta məktəblərin və universitetlərin onların üzünə bağlandığı və qızların əmək bazarına çıxışına geniş məhdudiyyətlərin qoyulduğu bir dövrdə çox qiymətli bir fürsətdir. Durrani işləmək imkanına sahib olduğu üçün xoşbəxt olduğunu və işinin digər qızların da xeyrinə olduğunu bildirir.

O, hazırda öz sənət emalatxanasında 20-dən çox qadına təlim keçir və ümid edir ki, bu sənəti Əfqanıstanın digər vilayətlərindəki qızlara da ötürsün. Bu xəttat sənətkar deyir: "Hər şey imkanlardan asılıdır və əgər imkanlar yaradılarsa, mənim böyük arzum gerçəkləşəcək".

O, əlavə edir ki, təlim keçdiyi qızlardan bəziləri artıq ustalıq səviyyəsinə çatıblar və hətta Səudiyyə Ərəbistanındakı sərgilərdə iştirak ediblər.

Nikita "Xətin Zər" sərgisində nümayiş olunan saxsı məmulatlarına işarə edərək deyir: "Biz bu məhsulları ABŞ, Avropa və dünyanın müxtəlif ölkələrinə ixrac edirik. Bu, sadəcə bir biznes deyil; bu, Əfqanıstan qadınlarının yaratdığı əsərlərin bir mesajıdır".

4359538

Teqlər: Əfqan ، qadın ، xəttat ، quran
captcha