"İQNA"nın "Misravi"-yə istinadən verdiyi məlumata görə, Əl-Əzhər Universitetinin rektoru Səlamə Davud bildirib ki, Qurani-Kərimdə göyün qapılarının açılması yaxşı əməllərin qəbulu ilə sıx əlaqəlidir.
O əlavə edib: "Qəmər surəsinin 11-ci ayəsindəki «فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُنْهَمِرٍ» (Biz də dərhal göyün qapılarını şırhaşır axan bir su ilə açdıq) ifadəsi Quran nitqində xüsusi əhəmiyyətə malikdir. "Göyün qapılarının açılması" ifadəsi yalnız bu kontekstdə və “Əraf” surəsinin 40-cı ayəsində işlənmişdir: «...İnkar edənlərə göyün qapıları açılmaz və onlar dəvə iynənin gözündən keçməyənədək Cənnətə girməzlər...»".
Səlamə Davud "Ən-Nas" televiziya kanalında yayımlanan "Quranın bəlağəti" proqramının bir hissəsində izah edib ki, tufanın əvvəlində göyün qapılarının şiddətli yağışla açılması başqa bir məna kəsb edir, lakin təkəbbürlü kafirlər üçün bu qapıların açılmaması onların əməllərinin Allah dərgahında qəbul olunmamasının və Allahın onlardan narazılığının metaforasıdır. Çünki göyün qapıları yalnız yaxşı əməl və xoş sözlər üçün açılır. O, buna sübut olaraq Fatir surəsinin 10-cu ayəsini xatırladıb: «...Xoş söz Ona tərəf yüksəlir, onu da yaxşı əməl qaldırır (və ya yüksəldir)».
Əl-Əzhər Universitetinin rektoru qeyd edib ki, Allah-taalanın "dəvə iynənin gözündən keçməyənədək cənnətə girməzlər" ifadəsi mühüm bir bəlağət nöqtəsini ehtiva edir. Dəvənin iynənin gözündən keçməsinin qeyri-mümkünlüyü, bir şeyi mümkünsüz bir hadisə ilə əlaqələndirmək nümunəsidir və nəticədə bu, o işin əbədi olaraq imkansız olduğuna dəlalət edir.
O əlavə edib ki, bu üslub ərəb dilində çox məşhurdur, məsələn: "Qara qarğa ağarana qədər bunu etməyəcəyəm" və ya "qara qır ağarana qədər..." kimi ifadələr. Bu ifadələr işin qeyri-mümkünlüyünü göstərir, çünki qarğa ağarmaz və qır da ağarmaz. Beləliklə, imkansız bir işə bağlanan hər hansı bir məsələnin özü də imkansız sayılır.
Səlamə Davud vurğulayıb ki, bu mənalar Quran ifadələrinin dərinliyini və möcüzəviliyini təsdiq edir. Quranın hekayələri və ifadələri sadəcə nəql üçün deyil, onlarda dərin ibrət dərsləri gizlənib. O, hər kəsi Qurani-Kərim üzərində düşünməyə və onun məqsədlərini dərk etməyə çağırıb.
4359570