IQNA

Köhnəlmiş Qurani-Kərim nüsxələrinin ehtiramla dəfni: Malayziyalıların ekoloji təşəbbüsü

13:36 - June 22, 2026
Xəbər sayı: 3500590
İQNA – Malayziyanın Saravak əyaləti, köhnəlmiş və yararsız hala düşmüş Quran nüsxələrinin ehtiramla dəfni üçün ətraf mühitə uyğun bir üsul tətbiq edir.

"İQNA"nın "theborneopost"-a istinadən verdiyi məlumata görə, Malayziyanın Saravak əyalətində köhnə Quran nüsxələrinə ehtiram göstərmək üçün ekoloji cəhətdən uyğun bir yanaşma seçilib. Şənbə günü bu əyalətin rəsmiləri müvafiq qurumlarla əməkdaşlıq çərçivəsində, 1802 kiloqram Quran külünü xüsusi, bioloji parçalana bilən kağız torbalarda Kunçinq suları yaxınlığında Cənubi Çin dənizinə buraxıblar.

AQ-01 adlı 212 ədəd ekoloji təmiz kağız torbaya qablaşdırılmış bu materiallar, Saravakın müxtəlif bölgələrində yerləşən köhnə Quran nüsxələrinin məhv edilməsi mərkəzlərində həyata keçirilən prosesin nəticəsidir.

Saravak İslam Dini İşləri İdarəsinin (Jais) Quran şöbəsinin rəhbəri Əbdürrəhim Rəşid bildirib ki, bu, Milli Fətva Komitəsinin Quranın müqəddəsliyini qorumaq üçün İslam hökmlərinə uyğun olaraq qəbul etdiyi qərara əsasən icra edilən müntəzəm bir proqramın tərkib hissəsidir.

Kunçinqdəki Pandinq gəmi terminalında keçirilən mərasimdə o deyib: "Bu, müntəzəm olaraq həyata keçirilən Quran küllərinin dənizə buraxılması proqramıdır". Əbdürrəhim əlavə edib ki, Saravakda tətbiq olunan bu üsul digər əyalətlərdən fərqlənir, çünki "Jais" bu iş üçün xüsusi olaraq ətraf mühitə uyğun dizayn edilmiş AQ-01 kağız torbalarından istifadə edir.

O deyib: "Digər əyalətlərdə külləri birbaşa dənizə tökür və ya əvvəlcə dondururlar. Bizim metodumuz isə nəinki İslamın tələblərinə cavab verir, həm də ətraf mühit amillərini nəzərə alır".

O əlavə edib ki, hər bir torba təxminən 8,5 kq ağırlığındadır və dörd dəqiqədən az müddətdə tam batacaq və parçalanacaq şəkildə hazırlanıb. Bu da dəfn prosesinin nizamlı, ehtiramlı və ekoloji cəhətdən təhlükəsiz şəkildə icrasına zəmanət verir.

Saravakın cənubunda öz növündə ilk olan bu böyük mərasimdə Saravak Müfti İdarəsinin direktoru Əhməd Sukarno Saini, Saravak Sahil Mühafizəsi rəhbərinin köməkçisi Pol Xiv Xun Xiyanq, Saravak 5-ci Bölgə Dəniz Polisi bölməsinin əməliyyat rəisi Məhəmməd Nur Məhəmməd Yasin və Saravak Daxili İşlər Nazirliyinin icra və nəzarət şöbəsinin müdiri Əsidi Həmzə iştirak ediblər.

Proqram Saravak İslam Dini İşləri İdarəsinin (Jais) təşkilatçılığı və Saravak Çaylar Şurası (LSS), Saravak 5-ci Bölgə Dəniz Polisi, Malayziyanın Saravakdakı Balıqçılıq İdarəsi, Saravak İcra və Təhlükəsizlik Birliyi (UKPS), Malayziya Dəniz Administrasiyası (Saravak bölgəsi) və Malayziya Dəniz İcra və Nəzarət Agentliyinin (APMM) əməkdaşlığı ilə həyata keçirilib.

4359532

Teqlər: quran ، malayziya ، ekoloji ، nüsxə
captcha