IQNA

Məşhəd valisi: Şəhid rəhbərin dəfn mərasimində 15 milyon insanın iştirakı proqnozlaşdırılır

14:43 - June 24, 2026
Xəbər sayı: 3500605
İQNA – Seyid Həsən Hüseyni şəhərin şəhid rəhbərin dəfn mərasiminə hazırlığına və bu mərasimdə 15 milyon insanın iştirak edəcəyi proqnozuna toxunaraq bildirib: "Valilik mərasimə dəstək verir və 1,5 milyon nəfər üçün yerləşmə məkanı hazırlamışıq. Bu rəqəmi artırmağa da hazırıq".

 

"İQNA"nın Xorasane Rəzəvidən verdiyi xəbərə görə, Məşhəd valisi Seyid Həsən Hüseyni bazar ertəsi, iyulun 1-də Məşhəd rayonunun İnzibati Şurasının iclasında İran xalqının və silahlı qüvvələrin "Ramazan döyüşü"ndəki misilsiz şücaətinə işarə edərək deyib: "Avropa ölkələrindən birində keçirilən konfransda iştirakçılar İran xalqının gördüyü böyük işdən çox məmnun idilər. İndi isə Amerika məğlubiyyətdən sonra danışıqlar üçün müraciət etməyə məcbur olub".

Hüseyni sözlərinə belə davam edib: "Ali rəhbər çox ağıllı şəkildə işi irəli apardı və danışıqlara icazə verdi".

Məşhəd valisi şəhid rəhbərin dəfn mərasimi kimi böyük və tarixi bir hadisənin ərəfəsində olduqlarını bildirərək deyib: "İranın bir çox mühüm tarixi, siyasi və mədəni hadisələrinin mənbəyi Məşhəd şəhəri olub. Bu hadisə də Məşhəd tarixində bir dönüş nöqtəsidir və hamımız onun ən yaxşı şəkildə keçirilməsi üçün kömək etməliyik. Xoşbəxtlikdən Məşhəd şəhəri böyük imkanlara malikdir və biz bu mərasimin zəvvarlarına və qonaqlarına yaxşı ev sahibliyi etməliyik. Bu qonaqlar Məşhəd şəhəri üçün böyük bərəkətlər gətirir və hazırda şəhər otellərinin 80 faizi dolub".

Hüseyni sözlərinə əlavə edib: "Şəhid rəhbərin nəşinin burada olması Məşhəd üçün çox tarixi bir hadisədir. Biz dəfn marşrutunu müvafiq şəkildə təchiz edəcəyik və proqnozumuza görə, dəfn mərasimində 15 milyon insan iştirak edəcək. Mərasimin yüksək səviyyədə keçməsi üçün hamı "Vəli-əmr" və "İmam Rza (ə)" qüvvələrinə kömək etməlidir. Valilik mərasimə dəstək verir və insanların qarşılanması üçün böyük miqdarda ərzaq və ləvazimat hazırlamışıq".

O, qeyd edib: "Zəvvarların yerləşdirilməsi üçün 1,5 milyon nəfərlik məkan hazırlamışıq və bu rəqəmi artırmağa da hazırıq. Proqnozlaşdırırıq ki, dəfn mərasiminin zəvvarları və qonaqları bir həftəyə qədər şəhərdə qalacaqlar. Biz indiyə qədər Məşhəd şəhərində bu səviyyədə izdiham görməmişik və buna görə də hazırlıqsız yaxalanmamalıyıq".

4359860

captcha