"İQNA"-nın "Əl-Aləm"-ə istinadən verdiyi məlumata görə, İraqın "Əl-Suməriyə News" televiziya kanalı bir şəkil yayımlayaraq bildirib: Ali mərcəyi-təqlid Seyid Əli Hüseyni Sistaninin övladları Seyid Məhəmmədrza və Seyid Məhəmmədbaqir Sistani İslam İnqilabının şəhid rəhbəri Ayətullah Xameneinin (r.ə) mübarək cənazəsinə Əmirəl-möminin Əli ibn Əbu Talibin (ə) hərəmində qılınan cənazə namazında iştirak ediblər.
Kanalın bildirdiyinə görə, bu iştirak Ayətullah Xameneinin (r.ə) dini dairələrdə sahib olduğu dərin hörmət və yüksək məqamın göstəricisidir və dini mərcəyi-təqlidləri, eləcə də elmi hövzənin simalarını bir araya gətirən həmrəylik ruhunu vurğulayır.
Bu iştirak, şəhid rəhbərin cənazəsinin Kərbəlaya aparılmasından əvvəl Nəcəfi-Əşrəfdə keçirilən rəsmi və xalq cənazə mərasimi çərçivəsində baş tutub.
Çərşənbə günü iyul ayının 8-si, İslam İnqilabının şəhid rəhbəri Ayətullah Xameneinin (r.ə) cənazə mərasimi İraq xalqının kütləvi iştirakı, zəvvarlar və bu ölkənin dini şəxsiyyətlərinin iştirakı ilə Nəcəfi-Əşrəfdə keçirilib.
Bundan əvvəl, şəhid rəhbərin və ailəsinin bir neçə üzvünün cənazəsi çərşənbə axşamı gecə Nəcəfi-Əşrəf Beynəlxalq Hava Limanına çatdıqdan sonra İran İslam Respublikası və İraqın yüksək rütbəli rəsmilərinin iştirakı ilə rəsmi şəkildə qarşılanıb.
Mərasimdə İran İslam Respublikasının prezidenti Məsud Pezeşkian yüksək rütbəli rəsmilərdən ibarət heyətlə iştirak edib. İraq tərəfindən isə ölkənin Baş naziri Əli Faleh əz-Zeydi, həmçinin bir qrup siyasi, dini, qəbilə başçıları və İraq xalqının müxtəlif təbəqələrinin nümayəndələri mübarək cənazələri qarşılayıblar.
4362946