"İQNA"-nın Naxçıvandan verdiyi məlumata görə, İran İslam Respublikasının Naxçıvandakı baş konsulu Əziz Mənsuri dünən, iyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri İsmayıl Hacıyevlə görüşüb və fikir mübadiləsi aparıb.
Naxçıvanlı rəsmi bu görüşdə Akademiyanın Naxçıvan Bölməsini təqdim edərək, İran İslam İnqilabının şəhid rəhbərinin vəfatı ilə bağlı ona Allahdan rəhmət və məğfirət diləyib. Şəhid rəhbərin Qarabağ müharibəsi zamanı mühasirədə olan Naxçıvana yardımdakı rolunu vurğulayan İsmayıl Hacıyev deyib: "Bir tarixçi kimi deməliyəm ki, onun rəhbərliyi dövründə Naxçıvanın tələbatının ödənilməsi, təbii qaz və həmçinin Naxçıvan Muxtar Respublikasının elektrik enerjisi ilə təmin olunması Naxçıvan tarixinə qızıl hərflərlə yazılıb".
O, İranın Qarabağ müharibəsində mühasirədə olan Naxçıvana etdiyi yardımı onun rəhbərliyinin ən mühüm və unudulmaz xüsusiyyəti və nailiyyəti kimi dəyərləndirib və əlavə edib: "Hələ də Bakı ilə Naxçıvan arasında İran vasitəsilə yük maşınlarının və sərnişin avtobuslarının hərəkəti Naxçıvan əhalisinin gündəlik həyatında mühüm və əsas rol oynayır".
Hacıyev ümidvar olduğunu bildirib ki, Naxçıvan ilə İran arasında elmi və akademik əlaqələr əvvəlki kimi yenidən bərpa olunsun, quru sərhədlərinin açılması ilə vətəndaşların gediş-gəlişi mümkün olsun və sosial-iqtisadi əlaqələr mövcud vəziyyətdən daha da möhkəmlənsin.
İran İslam Respublikasının baş konsulu isə bu görüşdə İranda texniki, mühəndislik, tibb və humanitar elmlərin müxtəlif sahələrindəki elmi nailiyyətlərə toxunaraq vurğulayıb ki, ölkədə müxtəlif elmi-tədqiqat müəssisələri fəaliyyət göstərir və buna görə də Naxçıvan Elmlər Akademiyası ilə bu müəssisələr arasında əlaqələrin qurulması və təcrübə mübadiləsi üçün geniş zəmin mövcuddur.
Görüşün sonunda Naxçıvanlı rəsmi 3 cildlik "Naxçıvan tarixi" kitabını baş konsula hədiyyə edib, İranın baş konsulu isə qarşı tərəfə fars və ingilis dillərində nəşr olunmuş nəfis "Azərbaycanın fəxri şəxsiyyətləri tarixi" kitabını hədiyyə edib.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası 2002-ci ildə təsis edilib və onun tarix, dil, ədəbiyyat, təbiət elmləri, arxeologiya və əlyazmalar bölmələri mövcuddur.
4362969