“İQNA”, "Əxbarul-Ğəd"-ə istinadən xəbər verir ki, Fələstinin Turizm və Qədim Əsərlər Nazirliyi cümə axşamı, iyulun 16-da Birləşmiş Millətlərin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrsi siyahısına 12 yeni məkanın əlavə edildiyini açıqlayıb.
Nazirliyin yaydığı bəyanatda bildirilir ki, bu addımla ilkin siyahıdakı Fələstin məkanlarının sayı 23-ə çatıb.
Bəyanatda qeyd olunur ki, bu qeydiyyat Fələstinin UNESCO-dakı daimi nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində, Fələstin irsinin beynəlxalq müstəvidə varlığını gücləndirmək, həmçinin onun mədəni və təbii müxtəlifliyini vurğulamaq məqsədilə həyata keçirilib.
Nazirlik bəyan edib ki, ilkin siyahıya daxil edilmək Ümumdünya İrsi siyahısına namizədlik fayllarının hazırlanmasından əvvəlki mərhələdir və bu, həmin yerlərin qorunması və saxlanılması istiqamətində səylərin gücləndirilməsinə, eyni zamanda irsin qorunması və idarə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsinə kömək edir.
Nazirlik əlavə edib: "Bu addım sionist rejiminin Fələstin irsi obyektlərinə qarşı hücumlarının artdığı bir vaxtda atılır".
Qurum Fələstinin mədəni irsini gələcək nəsillər üçün sənədləşdirmək, qorumaq və saxlamaq öhdəliyini bir daha təsdiqləyib.
Fələstin rəsmiləri bildirirlər ki, işğal olunmuş İordan çayının qərb sahilindəki tarixi və mədəni irs obyektləri, sionist rejiminin inzibati nəzarəti genişləndirməsi və sahədəki hərəkətləri daxil olmaqla, artan təzyiqlərlə üz-üzədir.
Nazirlik yeni siyahıya salınmış bir neçə məkana, o cümlədən işğal olunmuş İordan çayının qərb sahilinin şimalındakı qədim Səbəstiyyə şəhərinə, Beytülləhm şəhərinin cənubundakı Süleyman hovuzlarına və Xəlil şəhərindəki İbrahimi məscidinə işarə edib.
4364493