“İQNA”, "Əl-Məyadin"-ə istinadən xəbər verir ki, bəziləri prezident Donald Tramp və müdafiə naziri Pit Heqsetin Amerika əsgərlərinin həyatını "İsrailin adından" təhlükəyə atdıqlarını bildiriblər.
Bu hadisədən sonra ABŞ-da reaksiyaların kəskinliyi və siyasi parçalanma artıb. Bu çərçivədə, Respublikaçılar Partiyasından olan keçmiş konqresmen Marcori Teylor Qrin ABŞ-ın müdafiə naziri Pit Heqsetə kəskin reaksiya verərək bildirib ki, amerikalı əsgərlər onun və Trampın İsrailin maraqları naminə başlatdıqları müharibəyə görə həlak olublar.
ABŞ hökuməti Demokratlar Partiyasının üzvləri tərəfindən də ciddi tənqidlərə məruz qalıb. Demokrat senator Kris Van Hollen meydandakı hadisələrə toxunaraq deyib: "Bu mənasız müharibə heç vaxt başlamamalı idi və indi sona çatmalıdır".
Digər tərəfdən, Demokrat konqresmen Ro Xanna İordaniyada üç amerikalı hərbçinin öldürülməsinə cavab olaraq gərginliyin dərhal dayandırılmasını və münaqişəyə sürətlə son qoyulmasını tələb edərək deyib: "İranla müharibəyə son verin".
Bir neçə gün əvvəl isə Demokrat senator Kris Merfi Trampın regiondakı siyasətini tənqid edərək bildirmişdi: "Tramp bir daha tammiqyaslı müharibəni alovlandırıb və yanacağın qiymətinin kəskin artmasına səbəb olub. Reallıq budur ki, onun İranla razılaşmaya nail olmaq üçün heç bir konkret yolu yoxdur".
Eyni zamanda, Kaliforniya ştatından olan Demokrat senator Adam Şiff ABŞ Senatında müharibə səlahiyyətləri ilə bağlı yeni qətnamə təqdim etməyi planlaşdırır. O, bu addımla respublikaçıları son günlər şiddətlənən "İranla hərbi münaqişəyə son qoyulması" məsələsi ilə bağlı yenidən səsverməyə məcbur etmək istəyir.
Keçən iyun ayında Tramp Konqresin İranla müharibənin dayandırılmasını dəstəkləyən simvolik bir qətnamə qəbul etmək qərarını tənqid edərək bunu "vaxtsız və mənasız" adlandırmışdı. O, həmçinin iddia etmişdi ki, İran "küncə sıxışdırılıb və süqut ərəfəsindədir".
ABŞ Senatı da 48 əleyhinə, 50 lehinə səslə "Müharibə Səlahiyyətləri Aktı"na əsaslanan və Konqresin açıq icazəsi olmadan İrana qarşı hər hansı hərbi əməliyyatın dayandırılmasını tələb edən layihəni qəbul edib.
Cümə günü, iyulun 17-də İordaniyadakı "Muvaffaq Salti" aviabazasına edilən hücum zamanı iki amerikalı hərbçi həlak olub, bir nəfər itkin düşüb və azı dörd nəfər yaralanıb.
4364853